BƏƏ-də 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını və bu platformalardan istifadə etməsini qadağan edən qərar qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə ölkənin rəsmi WAM informasiya agentliyi məlumat yayıb.
Sənədə əsasən, ölkədə sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi 15 olaraq müəyyən edilib. Bu yaşa çatmayan uşaqlara şəxsi hesablar yaratmaq, onlardan istifadə etmək və ya onları idarə etmək, həmçinin məzmun paylaşmaq, şərh yazmaq və açıq qruplarda iştirak etmək qadağandır. Sosial şəbəkə platformaları qayda pozanların hesablarını aşkarlayıb dərhal bloklamağa borcludur.
15-16 yaşlı yeniyetmələrə isə sosial şəbəkələrdən istifadəyə yalnız ciddi məhdudiyyətlərlə icazə veriləcək. Platformalar bu yaş qrupu üçün məzmunu filtrləməli, istifadə vaxtını limitləmeli və tanımadıqları istifadəçilərlə qarşılıqlı əlaqə funksiyalarını söndürməlidir. Həmçinin, yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının kommersiya məqsədilə istifadəsi və onlara hədəfli (hədəflənmiş) reklamların göstərilməsi qadağandır. Hökumət vurğulayıb ki, valideynlərin razılığı belə bu məhdudiyyətlərin ləğvi üçün əsas ola bilməz.
Yeni qaydalar sosial şəbəkələrdən rəqəmsal şəxsiyyət vəsiqələri və ya biometriya kimi etibarlı yaş yoxlama mexanizmlərini tətbiq etməyi tələb edir. Şirkətlərə uyğunlaşma üçün 12 ay vaxt verilir. Qaydaların pozulacağı təqdirdə platformaların fəaliyyəti tam və ya qismən bloklana, həmçinin böyük məbləğdə inzibati cərimələr tətbiq edilə bilər.


