Qalibaf: Hörmüz boğazı artıq heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq



İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının bundan sonra müharibədən əvvəlki statusuna qayıtmayacağını, beynəlxalq hüquq normaları çərçivəsində göstəriləcək xidmətlər müqabilində gəmilərdən tranzit rüsumu alınacağını bəyan edib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyasına müsahibə verən Qalibaf ABŞ ilə əldə olunmuş son sülh memorandumuna dair sualları cavablandırıb.

Parlament sədri "Müharibənin gedişatında etdiyim paylaşımda Hörmüz boğazının artıq heç vaxt əvvəlki şərtlərinə qayıtmayacağını bildirmişdim. Bu gün də eyni mövqedəyəm" deyib.

Hörmüz boğazında beynəlxalq hüquqa və dənizçilik qaydalarına zidd hər hansı bir addım atmayacaqlarını iddia edən Qalibaf "Biz beynəlxalq hüquq çərçivəsində hərəkət edəcəyik. Bu hüquqa görə, boğaz sahili ölkələrin həm hüquqları, həm də öhdəlikləri var. Bu hüquqlardan biri də göstərdikləri xidmətlər müqabilində digər dövlətlərin ödəniş etməsidir" ifadələrini işlədib.

Mətnin imzalanmasına baxmayaraq, rəsmi Vaşinqtona qarşı etibarsızlığın davam etdiyini vurğulayan Qalibaf "Yekun saziş imzalansa və hətta bu sənəd BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, yenə də tam etibarlı deyil" qiymətləndirməsini edib.

Sözügedən memorandum mətnində İrana ödənilməsi nəzərdə tutulan 300 milyard dollarlıq müharibə təzminatının "yenidən qurma və iqtisadi inkişaf" ifadələri ilə yer aldığını qeyd edən məclis sədri "Memorandum mətnində üzərimizə götürdüyümüz hər bir öhdəlik addım-addım prinsipi əsasında qəbul edilib. Sənədin 13-cü maddəsi də tam olaraq bu əsasa görə tənzimlənib. Buna uyğun olaraq, əgər ABŞ öz öhdəliklərini yerinə yetirməsə, biz də qarşılıqlı olaraq heç bir addım atmayacağıq" deyə fikirlərini tamamlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu