Süni intellekt üçün qorxulu xəbərdarlıq: Cəmi bir neçə ay qaldı



Avstraliya, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və Kanadadan ibarət "Beş Göz" kəşfiyyat ittifaqına bağlı kibertəhlükəsizlik qurumları yayımladıqları bəyanatda hökumətlərə və müəssisələrə qarşı dağıdıcı kiberhücumlar təşkil etmək potensialına malik güclü süni intellekt modellərinin istifadəyə verilməsinə cəmi bir neçə ay qaldığını elan ediblər. 

AFN.az xəbər verir ki, sözügedən ictimai xəbərdarlıq Tramp administrasiyasının bu ayın əvvəlində xarici ölkə vətəndaşlarının "Anthropic" firması tərəfindən hazırlanan "Fable" adlı süni intellekt modelindən istifadə etməsini qadağan etmək qərarından sonra gəlib.

Bazar ertəsi gecəsi yayımlanan birgə bəyanatda süni intellektin zamanla kiberbərpanı təkmilləşdirməyə kömək edəcəyi qəbul edilsə də, kibertəhlükələrin sürətini, miqyasını və mürəkkəbliyini artırdığı vurğulanıb.

Açıqlamada qabaqcıl süni intellekt modellərinin mövcud sektor gözləntilərini aşmasının, həm hücum, həm də müdafiə yönümlü kiber bacarıqları kökündən dəyişdirməsinin gözlənildiyi bildirilib.

Önümüzdəki dövrün illərlə deyil, aylarla ifadə edildiyi diqqətə çatdırılan bəyanatda bu şəraitdə kiberdavamlılığın biznesin davamlılığı, bazar etibarı və uzunmüddətli dəyər yaradılması üçün həyati əhəmiyyət kəsb etdiyi ifadə olunub.

Kəşfiyyat ittifaqı süni intellekt modellərindəki sıçrayışların bədxah aktorların qarşısındakı maneələri azaldacağını, hücumların sürətini və mürəkkəbliyini artıracağını qeyd edib.

Bütün qurumların və cəmiyyətin ortaq reaksiya verməli olduğu bildirilən hesabatda kiber riskin artıq sadəcə texniki bir məsələ olaraq görülə bilməyəcəyi, bunun birbaşa biznes riski və liderlik məsuliyyəti olduğu vurğulanıb.

Generativ süni intellekt modelləri kibertəhlükəsizlik sistemlərindəki boşluqları tapmaq, bu boşluqlardan istifadə etmək və ya onları aradan qaldırmaq bacarığına malik yeni alətlər kimi önə çıxır.

Sidney Universitetinin Amerika Araşdırmaları Mərkəzinin milli təhlükəsizlik və süni intellekt üzrə eksperti Oliviya Şen son modellərin hücum kodları (exploit) hazırlamaqda çox uğurlu olduğunu qeyd edib.

"Beş Göz" bəyanatında birbaşa hər hansı bir şirkət və ya model adı çəkilməsə də, qlobal miqyasda diqqət "Anthropic" firmasının qabaqcıl alətlərinə yönəlib.

Şirkətin son hazırladığı məhsullardan biri sistemlərdəki boşluqları aşkar edə bilən "Mythos" modelinin daha çox ictimaiyyətə uyğunlaşdırılmış versiyası olan "Fable 5" olaraq tanınır.

Güclü bir proqram təminatı olan "Mythos" bədxah məqsədlərlə istifadə olunma narahatlığı səbəbindən yalnız yoxlanılmış və təsdiqlənmiş təşkilatların istifadəsinə verilir.

İyun ayında ABŞ hökuməti milli təhlükəsizlik orqanlarının tövsiyəsi ilə "Anthropic" firmasının hər iki modelinin xarici vətəndaşlar tərəfindən istifadəsini dayandırıb.

Ekspertlər dünyanın hazırda "Anthropic"in növbəti addımına fokuslandığını, lakin bənzər gücdəki yeni modellərin də çox yaxında ortaya çıxa biləcəyini, Çin və ya digər qeyri-dövlət aktorlarının da bənzər qabaqcıl texnologiyalar hazırlaya biləcəyini qeyd edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu