Kuba hökuməti ABŞ-ın yeni sanksiya qərarlarını pisləyib
Kuba hökuməti ABŞ administrasiyasının Kuba ordusunun nəzarətində olan və ölkə iqtisadiyyatında dominantlıq edən "GAESA" adlı holdinqlə əlaqəli şirkətləri sanksiya siyahısına salmasına sərt reaksiya göstərib.
AFN.az xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes "X" platformasındakı hesabında etdiyi açıqlamada ada rəhbərliyini hədəf alan yeni sanksiya qərarlarını cinayət adlandırıb.
ABŞ-ın dövlət katibi Marko Rubionu sərt şəkildə tənqid edən Rodriqes bu fikirləri qeyd edib:
"Dürüst olmayan və yalançı dövlət katibi tərəfindən idarə olunan ABŞ hökuməti xalqa və xalqın yaşayış şəraitinə yönəlmiş qəddar, təcavüzkar siyasət və kollektiv cəzalandırma qarşısında Kuba iqtisadiyyatının gözləniləndən daha güclü, daha qabiliyyətli və daha effektiv olduğunu sübut etməsindən sonra iqtisadiyyatımıza qarşı mühasirəni daraldacaq addımlarını davam etdirir. Bu fərdin dünyanın ən böyük gücünün başında körüklədiyi şey bir cinayətdir".
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Marko Rubio isə "X" hesabından etdiyi açıqlamada Kuba rəhbərliyini hədəf alan yeni sanksiyanı elan etmişdi.
Rubio Kuba iqtisadiyyatında mühüm yer tutan və ordunun nəzarəti altında fəaliyyət göstərən "GAESA" adlı holdinqlə əlaqəli şirkətləri sanksiya siyahısına əlavə etdiklərini bildirmişdi.
Sözügedən strukturun Kuba xalqının resurslarını oğurlayaraq öz mənafeləri naminə istifadə etdiyini iddia edən Rubio "Bu gün GAESA şəbəkəsi ilə yanaşı, Kubanın qeyri-qanuni qazanc əldə etmək məqsədilə faydalı qazıntı və metal ehtiyatlarını istismar edən qurumlarını da sanksiya siyahısına daxil etdim" ifadəsini işlətmişdi.
Rubio həmçinin sözügedən şirkətlərin ABŞ əleyhinə təbliğat aparmağa davam etmələrinə icazə verməyəcəklərini diqqətə çatdırmışdı.
