Trampdan Ukrayna-Rusiya mesajı: NATO-da məsələni müzakirə edəcəyik



ABŞ Prezidenti Donald Tramp sabah Türkiyədə başlayacaq NATO Sammitində Ukrayna və Rusiya arasında razılığa gəlmək üçün danışıqlar aparacaqlarını bildirərək, "NATO-ya gedəcəyik, məsələni müzakirə edəcəyik və məncə, buna nail olacağıq" deyib.

AFN.az xəbər verir ki, Tramp Ağ Evdə mətbuat nümayəndələrinin Rusiya-Ukrayna müharibəsi və İranla bağlı danışıqlar barədə suallarını cavablandırıb.

Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişatı ilə bağlı suala Tramp "NATO-ya gedəcəyik, məsələni müzakirə edəcəyik və məncə, buna nail olacağıq", - deyə cavab verib.

Tramp "Ukraynadakı müharibəni dayandırmağa çox yaxın olduğumuzu düşünürəm. Həm Rusiya, həm də Ukrayna liderləri razılığa gəlmək istəyirlər" deyərək, iki ölkə arasındakı müharibəni dayandırmağa nail olacağına dair ümidini ifadə edib.

ABŞ Prezidenti həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin bu müharibənin artıq başa çatmasını istədiyini vurğulayıb.

Rusiya-Ukrayna müharibəsində ön plana çıxan hərbi pilotsuz uçuş aparatı (PUA) texnologiyasına toxunan Tramp "Dronların bu qədər böyük bir amilə çevriləcəyini kim düşünərdi ki? Onlar ölüm maşınlarıdır. Bu, inanılmazdır. Bir ağacın arxasında gizlənirsən, o gəlib səni tapır. Və mən görmək istəmədiyim mənzərələr gördüm, sizin də bunları görməyinizi istəmirəm", - ifadələrini işlədib.

ABŞ Prezidenti Tramp İranla davam edən sülh danışıqlarına diqqət çəkərək, İranla görüşlərin yaxşı getdiyini, lakin medianın bu məsələyə layiq olduğu diqqəti göstərmədiyini söyləyib.

Amerika ordusunun gücündən bəhs edən Tramp bu gücü İrana qarşı çox haqlı səbəblərlə istifadə etdiklərini iddia edərək, "İran heç vaxt nüvə silahına sahib ola bilməz. Buna əsla icazə verilməyəcək" deyib.

Tramp İranın nüvə zənginləşdirilməsi fəaliyyətləri ilə bağlı Tehrandan güzəştlər əldə etdiklərini və onların əlindəki zənginləşdirilmiş materialı təhvil alacaqlarını bildirib.

"Belə ya da elə, qalib gələcəyik. Ya müqavilə bağlayacağıq, ya da işi bitirəcəyik" deyən Tramp İranla razılığa gəlməyə üstünlük verdiyini, 91 milyonluq İran xalqının müharibədən zərər çəkməsini istəmədiyini qeyd edib.

Tramp Hörmüz boğazından istifadə hüququ ilə bağlı İranla yaşadıqları problemləri sadalayarkən, "Hörmüz boğazı böyük bir pul maşınıdır. Əvvəllər onun adını heç kim eşitməmişdi", - ifadələrini işlədib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu