Tramp: Ukraynada sülhü bərpa etməyin vaxtıdır

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə mühüm görüşlər keçirdiyini, Ukraynada sülhü bərpa etməyin vaxtı çatdığını və buna nail olacaqlarını açıqlayıb.
ABŞ prezidenti Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı keçirib.
Tramp deyib ki, Makronla çox yaxşı görüş keçirib və Avropanın Ukraynada sülhün əldə edilməsi və bu ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsinə daha çox töhfə verəcəyi barədə razılığa gəliblər: “Ukraynada sülhü bərpa etməyin vaxtıdır və düşünürəm ki, biz bunu edəcəyik”.
Tramp həm Rusiya prezidenti Putin, həm də Ukrayna prezidenti Zelenski ilə görüşlər keçirdiyini və prosesin çox müsbət irəlilədiyini də bildirib.
Moskvanın da anlaşmaya razı olduğunu qeyd edən Tramp "Sazişin bağlanması Rusiyanın xeyrinə olacaq və hiss edirəm ki, biz bunu edəcəyik. Artıq olan olub. Bu, heç vaxt başlamamalı olan bir müharibə idi" deyib.