İtaliya anomali istilər və meşə yanğınları ilə mübarizə aparır



İtaliyada bu gündən etibarən təsirini göstərən yeni isti hava dalğası səbəbindən bəzi şəhərlərdə qırmızı xəbərdarlıq elan edilib, eyni zamanda müxtəlif bölgələrdə baş verən meşə yanğınlarının qarşısının alınması üçün mübarizə aparılır.

AFN.az xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi yay başlanandan bəri gözlənilən üçüncü isti hava dalğası ilə bağlı yeni xəbərdarlıq bülleteni dərc edərək, sabah üçün Breşiya, Florensiya, Peruca və Torino olmaqla 4 şəhərdə qırmızı xəbərdarlıq rejimi tətbiq edib.

Nazirlik iyulun 15-i çərşənbə günü üçün isə Roma, Frozinone və Bolonyanı digər 4 şəhərə əlavə edərək ümumilikdə 7 şəhər üçün təhlükə səviyyəsini qırmızıya qaldırıb. Qurum xüsusilə yüksək temperaturların yaşlı və həssas vətəndaşlar üçün risk təşkil etdiyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, ölkədə anomali istilər və güclü külək səbəbindən müxtəlif nöqtələrdə başlayan böyüklü-kiçikli meşə yanğınları davam edir.

Mətbuatda yer alan xəbərlərə görə, cənubdakı Siciliya adasında, qərbdəki Palermo, eləcə də şərqdəki KataniyaSirakuza şəhərlərinin yaxınlığında dünən başlayan çoxsaylı yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Kataniya və Sirakuza şəhərlərinin kənar ərazilərində alova yaxın yerləşən bəzi evlərin təhlükəsizlik məqsədilə təxliyə edildiyi bildirilib.

Yanğınların söndürülməsi üçün çoxlu sayda yanğınsöndürən və meşə təsərrüfatı işçisinin qurudan xüsusi texnikalarla müdaxilə etdiyi, havadan isə yanğınsöndürən təyyarə və helikopterlərin əməliyyatlara cəlb olunduğu qeyd edilib.

İtaliya Fermerlər Assosiasiyasının (Coldiretti) Pulya bölgə şöbəsinin peyk məlumatlarına əsasən, cənubdakı Pulya bölgəsində 1 iyun - 13 iyul tarixləri arasında baş verən meşə yanğınlarında 972 hektar ərazi külə dönüb.

Bu arada, Pyemont regional rəhbərliyi İtaliya Yanğından Mühafizə Xidmətinin hesabatına istinadən bildirib ki, bölgədə 5-12 iyul tarixlərində Alp dağlarının müxtəlif nöqtələrində tüğyan edən meşə yanğınları nəticəsində 700 min ağac məhv olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu