ABŞ Kanadadan idxal olunan bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq edir



ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı diskriminativ davranışlar nümayiş etdirdiyini əsas gətirərək, bu ölkədən idxal edilən bəzi mallara 50 faiz nisbətində gömrük rüsumunun tətbiq olunacağını elan edib.

AFN.az xəbər verir ki, Ağ Evdən verilən bəyanatda ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ ticarətinə qarşı diskriminasiya xarakterli addımlarına cavab olaraq 1930-cu il tarixli Tarif Aktının 338-ci maddəsinə uyğun olaraq Kanada mənşəli müəyyən məhsullara 50 faizlik əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan üç ayrı prezident fərmanı imzaladığı bildirilib.

Açıqlamada sözügedən qərarın Kanadanın disikriminasiya siyasətindən yaranan yükü və disbalansı aradan qaldırmaq, avtomobil, spirtli içkilər və süd məhsulları kimi kritik Amerika ixracat istiqamətləri üçün bərabər rəqabət şəraitini təmin etmək məqsədi daşıdığı qeyd olunub.

Hər bir fərmanın Kanadadan gətirilən fərqli məhsul qruplarına 50 faizlik əlavə rüsum gətirdiyi vurğulanan bəyanatda bu çərçivədə şərabdan xokkey çubuqlarına və sementə qədər müxtəlif malların yer aldığı diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, qeyd olunan tarif məhsulun ABŞ-Meksika-Kanada Şazişi (USMCA) çərçivəsində olub-olmamasından asılı olmayaraq bütün aidiyyəti mallara şamil ediləcək.

Ağ Evin açıqlamasında enerji məhsulları, potaş, 232-ci maddə çərçivəsində tarifə cəlb edilən məhsullar, balıq və ya kritik mineralların bu qaydadan kənar tutulacağı vurğulanıb.

Yeni tarif avqustun 19-da qüvvəyə minəcək.

Açıqlamada həmçinin sözügedən qərarın fərmanlar imzalandıqdan 30 gün sonra, yəni avqustun 19-da qüvvəyə minəcəyi qeyd olunub.

Tarifin səbəblərinə də toxunulan bəyanatda Kanadanın ABŞ-dan idxal olunan avtomobillərə müəyyən tarif və kvotalar tətbiq etdiyi, lakin digər ölkələrdən edilən idxala eyni məhdudiyyətləri qoymadığı bildirilib.

Açıqlamada 2025-ci ilin aprel – 2026-cı ilin mart dövründə Kanadanın ABŞ-dan etdiyi motorlu nəqliyyat vasitələri idxalının 2024-2025-ci illərin müvafiq dövrü ilə müqayisədə təxminən 22 faiz azaldığı diqqətə çatdırılıb.

Kanadadakı əyalət və bölgələrin çoхunun ABŞ mənşəli spirtli içkilərin alınması, paylanması və ya pərakəndə satışını dayandırdığına işarə edilən bəyanatda 2025-ci ilin mart – 2026-cı ilin fevral dövründə Kanadanın ABŞ-dan aldığı spirtli içki idxalının illik müqayisədə təxminən 81 faiz azaldığı məlumatı paylaşılıb.

Bəyanatda Kanadanın mürəkkəb və proteksionist kimi qiymətləndirilən süd məhsulları sistemi də yeni tarifin əsas səbəbləri arasında göstərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu