Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur



On minlərlə kanadalı ABŞ-ın Ottavadakı səfiri Pete Hoekstranın arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması tələbi ilə başladılan imza kampaniyasına dəstək verib. 

AFN.az xəbər verir ki, Kalqari şəhərindən bir vətəndaş tərəfindən başladılan və payızda İcmalar Palatasına təqdim edilməsi planlaşdırılan imza kampaniyasında imzaların sayı qısa müddətdə 60 minə yaxınlaşıb.

Petisiyada Hoekstra Kanada ilə ABŞ arasındakı diplomatik münasibətlərə zərər vuran açıqlamalar verməkdə və diplomatik protokollara zidd şəkildə Kanadanın daxili siyasətinə müdaxilə etməkdə ittiham olunub.

İmza kampaniyasında səfir Hoekstranın Tramp administrasiyasının Kanadanı ilhaq etmək təhdidlərini legitimləşdirdiyi irəli sürülüb.

Hoekstra iyun ayında verdiyi açıqlamada Kanadanın ABŞ tərəfindən ilhaq edilməsinin Baş nazir Mark Carney ilə ABŞ Prezidenti Donald Tramp arasında müzakirə edilə biləcək möhtəşəm mövzu olduğunu deyərək etirazlara səbəb olmuşdu.

Sentyabr ayında Halifaxda keçirilən tədbirdə çıxış edən Hoekstra Kanadadakı seçki kampaniyasında səsləndirilən Amerika əleyhinə ritorikadan narahat olduğunu bildirib və Tramp administrasiyasının gömrük rüsumları ilə bağlı addımlarının “ticarət müharibəsi” kimi qiymətləndirilməsini tənqid edib.

Səfir həmçinin kanadalı siyasətçilərin ABŞ-a səfər edilməməsi ilə bağlı çağırışlarını və Amerika içkilərinin mağaza rəflərindən götürülməsini də hədəf alıb.

Haqqında səsləndirilən tənqidlərə cavab verən Hoekstra vəzifəsinin ABŞ Prezidentinin fikirlərini təmsil etmək olduğunu müdafiə edib. ABŞ-ın Ottavadakı səfirliyinin sözçüsü isə kampaniyadan xəbərdar olduqlarını, lakin məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.

Yaşıllar Partiyasının lideri Elizabeth May tərəfindən Parlamentə təqdim ediləcək petisiyada Liberal Partiya hökumətindən Hoekstranın rəsmi şəkildə ölkədən çıxarılması və ABŞ-ın Kanadanın daxili işlərinə diplomatik müdaxilələrini araşdıracaq parlament komitəsinin yaradılması tələb olunur.

Kanada keçmişdə də xarici müdaxilə iddiaları səbəbindən diplomatları ölkədən çıxarıb. Hökumət 2023-cü ildə çinli diplomat Zhao Wei-ni, 2024-cü ildə isə altı hindistanlı diplomatı arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu