Kuşner Qəzzada yeni mərhələ üçün Netanyahu ilə görüşmək məqsədilə İsrailə gedib



ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşner Qəzza razılaşmasının yeni mərhələsinə keçid üçün İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşmək məqsədilə İsrailə gedib.

AFN.az xəbər verir ki, Kuşner dünən Misirin paytaxtı Qahirədə Qəzza Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və HƏMAS nümayəndə heyəti ilə görüşdükdən sonra İsrailə gəlib.

Axşam saatlarında Mladenov və Qəzza Sülh Şurasının üzvü, keçmiş İngiltərə Baş naziri Toni Bleyerlə birlikdə İsrailə gələn Kuşnerin Netanyahu ilə görüşməsi və danışıqlarda Qəzza Sülh Planının ikinci mərhələsinə keçid prosesinin müzakirə olunması gözlənilir.

“The Times of Israel” qəzetinin ərəb diplomatına istinadən yaydığı xəbərə görə, Kuşner Qəzzadakı hücumların dayandırılması və HƏMAS-ın silahsızlanmağa başlaması halında İsrailin geri çəkilməsinin təmin edilməsi ilə yanaşı, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs çərçivəsində humanitar yardımla bağlı verilən öhdəliklərin yerinə yetirilməsi üçün Netanyahuya təzyiq göstərəcək.

Netanyahu daha əvvəl Sülh Şurasının Qəzzada atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı açıqladığı 15 maddəlik planı rədd etdiklərini bildirmişdi.

Qəzza zolağında atəşkəs razılaşmasının ilk mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Girov mübadiləsi və humanitar yardımların artırılmasını nəzərdə tutan razılaşmaya baxmayaraq, İsrailin hücumları və humanitar yardımın bölgəyə daxil olmasına qoyulan məhdudiyyətlər davam edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu