Polşada robotlar süni intellektə qarşı etiraz etdi: İş yerlərini qoruyun
Polşanın paytaxtı Varşavada təxminən 30 robot süni intellekt və robotlaşmanın əmək bazarına təsirlərinə diqqət çəkmək və hüquqi tənzimləmə çağırışı etmək məqsədilə Rəqəmsal İşlər Nazirliyinin qarşısında aksiya keçirib.
AFN.az xəbər verir ki, “Democratism” adlı təşəbbüs tərəfindən təşkil olunan etiraz aksiyasında ikiayaqlı humanoid robotlardan dördayaqlı robot itlərə qədər müxtəlif modellər iştirak edib.
Əllərində bayraqlarla nazirlik binasının qarşısında dövrə vuran robotlar səsgücləndiricilərdən “İş yerlərini qoruyun”, “Qaydalar müəyyənləşdirməyin vaxtıdır” və “Gözləməyin, tənzimləyin” şüarlarını səsləndirib.
Aksiyaya qatılan süni intellekt dəstəkli humanoid robot Agibot A3 açıqlamasında “Buradakı robotlar bu texnologiyanın artıq uzaq gələcək olmadığını, hazırda reallığa çevrildiyini göstərməyi qarşılarına məqsəd qoyublar” ifadələrini işlədib.
Etiraz aksiyasını təşkil edən Qjeqoj Kulis həm humanoid robotların, həm də süni intellektin xüsusilə zehni işlərdə insanları əvəzləməsi riskinə diqqət yetirdiklərini bildirib.
Kulis “İndi reaksiya verməsək, yaxın zamanda böyük problemlə üzləşə bilərik. İşçiləri qoruyacaq qalxan rolunu oynayacaq qaydalara və tənzimləmələrə ehtiyacımız var” deyib.
Etiraz aksiyasının keçirildiyi əraziyə baş çəkən Polşanın Rəqəmsal İşlər naziri Kşiştof Qavkovski təşkilatçılarla görüşüb. Qavkovski nəzarətsiz süni intellekt modellərinin humanoid robotlara inteqrasiya edilməsinin və bu robotların proses çərçivəsində inkişaf etməyə davam etməsinin ciddi risk yaratdığını vurğulayıb.
Qeyd edək ki, Polşada ötən ilin iyul ayında Dövlət Başçısı Karol Navrotski Avropa İttifaqının Süni İntellekt Aktını (EU AI Act) ölkə üzrə tətbiq edəcək qanun layihəsini təsdiqləyib.
