ABŞ Çinlə yeni tarif razılaşmasının detallarını açıqlayıb
ABŞ administrasiyası Çinlə razılaşdırılan və hər iki ölkədən 30 milyard dollarlıq idxalı əhatə edən daha əlverişli gömrük tarifləri çərçivəsinin detallarını açıqlayıb.
AFN.az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan 30-a 30 çərçivəsində ABŞ və Çin qarşılıqlı olaraq endirimli gömrük tariflərindən yararlanmaq məqsədilə hər iki tərəf üçün təxminən 30 milyard dollar dəyərində həssas olmayan idxal məhsullarının nəzərdən keçiriləcəyi dialoq mexanizminin yaradılması barədə razılığa gəlib.
Çərçivəyə əsasən, məhsullara tətbiq ediləcək gələcək tarif endirimləri hər iki ölkənin daxili hüquqi prosedurlarına uyğun olaraq müəyyənləşdiriləcək və qüvvəyə minəcək. Həmçinin sözügedən məhsulların ticarətinə nəzarət ediləcək, mümkün dəyişiklik və ya əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər ildə bir dəfədən çox olmamaq şərtilə iki ölkənin liderlərinə təqdim olunacaq.
Açıqlanan siyahılara əsasən, ABŞ-ın Çindən idxal edəcəyi həssas olmayan məhsullar əsasən amerikalı istehlakçıların faydalanacağı məişət və gündəlik istifadə məhsullarından ibarətdir.
Mikrodalğalı soba, qəhvə maşını, təraş aparatı, qida üyüdücüləri və ütü kimi müxtəlif kiçik məişət texnikası da tarif endirimi çərçivəsinə daxil edilib.
Çinin ABŞ-dan idxal edəcəyi məhsullar isə kənd təsərrüfatı, ərzaq və tibbi cihazların geniş çeşidini əhatə edir. Siyahıda diri mal-qara, donuz, at, qoyun və quşçuluq məhsulları, həmçinin bunlardan əldə edilən təzə və ya dondurulmuş ət və içalat məhsulları, bəzi dəniz və süd məhsulları yer alır.
Kənd təsərrüfatı və ərzaq məhsulları ilə yanaşı, ultrasəs diaqnostika cihazları, ürək stimulyatorları və maqnit-rezonans görüntüləmə cihazları kimi mühüm tibbi avadanlıqlar da idxal məhsulları sırasında göstərilib.
ABŞ Ticarət Nümayəndəliyinin (USTR) açıqlamasında ABŞ Prezidenti Donald Trampın may ayında Pekinə səfəri zamanı Çin lideri Si Cinpinlə həssas olmayan məhsulların ticarətinə dair ABŞ-Çin Ticarət Şurasını yaratdığı xatırladılıb.
Açıqlamada tərəflərin Sinin Vaşinqtona səfərindən sonra daha əlverişli ticarət şərtlərindən yararlana biləcək həssas olmayan məhsullarla bağlı tövsiyələr də daxil olmaqla, ABŞ-Çin Ticarət Şurası çərçivəsində növbəti addımı açıqladığı bildirilib.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir sözügedən tövsiyələrlə bağlı açıqlamasında ABŞ və Çinin Tramp və Si arasında mövcud olan münasibətlərin nəticəsi olaraq gələcəkdə daha əlverişli gömrük tariflərindən yararlana biləcək məhsullar üzrə hər iki istiqamətdə 30 milyard dollarlıq ticarət həyata keçirilməsini təklif etdiklərini bildirib.
Qrir Trampın kənd təsərrüfatı məhsullarından tibbi cihazlara qədər geniş çeşiddə ABŞ-ın Çinə ixracının təxminən 30 faizi üçün daha yaxşı bazar çıxışı təmin etdiyini bildirib. O, həmçinin ABŞ-ın adətən digər ölkələrdən idxal etmədiyi məişət əşyaları, oyuncaqlar və digər məhsulların Çindən idxal edilməsinin istehlakçılara da fayda verəcəyini vurğulayıb.
Qrir bildirib ki, Tramp administrasiyası kənd təsərrüfatı və enerji məhsullarının alınması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini təmin etməklə, həssas olmayan məhsullarda balanslı ticarəti qorumaqla və amerikalı fermerlər, istehsalçılar, müəssisələr və işçilər üçün bazara çıxışı təmin etməklə Çinlə ədalətli, balanslı və qarşılıqlı ticarət münasibətlərini davam etdirəcək.
