Çin və ABŞ tariflər, kömür və süni intellekt məsələlərində razılaşdı
Çin və ABŞ tariflərin azaldılması, kömür idxalı və süni intellekt məsələlərində razılığa gəlib.
AFN.az xəbər verir ki, Pekin iki ölkənin iqtisadi heyətləri arasında keçirilən görüşlərdə 30 milyard dollar dəyərində mal ticarətinə tətbiq olunan gömrük tariflərinin qarşılıqlı azaldılması, Çinin ABŞ-dan kömür idxal etməsi, kənd təsərrüfatı məhsulları və maliyyə xidmətləri sahəsində qarşılıqlı bazar çıxışının təmin edilməsi, eləcə də süni intellekt üzrə dialoqa başlanılması barədə razılıq əldə edildiyini açıqlayıb.
Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər iki ölkə arasında ticarəti asanlaşdırmaq məqsədilə Ticarət Şurasının yaradılması barədə razılığa gəlib. Bu çərçivədə aparılan müzakirələr nəticəsində 30 milyard dollar dəyərində mal ticarətində qarşılıqlı tarif endirimlərinin tətbiqi ilə bağlı razılıq əldə olunub.
Açıqlamada kömür idxalının da qarşılıqlı tarif endirimləri çərçivəsinə daxil edildiyi və Çinin 2027 və 2028-ci illərdə ABŞ-dan kömür idxal edəcəyi qeyd olunub.
Tərəflər iqtisadi və ticarət məsləhətləşmələri mexanizmi çərçivəsində İnvestisiya Şurasının yaradılması, potensial investisiyalar və onların qarşısındakı maneələrlə bağlı institusional kommunikasiya platformasının təmin edilməsi barədə də razılaşıblar.
Bundan başqa, Ticarət Şurası çərçivəsində kənd təsərrüfatı üzrə işçi qrupunun yaradılacağı və burada iki ölkənin kənd təsərrüfatı məhsullarının qarşılıqlı bazara çıxışı ilə bağlı danışıqlar aparılacağı bildirilib. Tərəflərin maliyyə xidmətlərinə çıxış məsələsində də prinsipial razılığa gəldiyi qeyd olunub. Çin ABŞ kapitallı şirkətlər də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan maliyyə xidmətləri göstərən qurumların Çində filial açmaq və fəaliyyət göstərmək üçün müraciətlərinə baxacaq.
Çin Baş nazirinin müavini Hı Lifıng və ABŞ Maliyyə naziri Skott Bessentin rəhbərlik etdiyi heyətlərin süni intellekt sahəsində dialoqa başladığı bildirilib. İlk müzakirələrdə süni intellektlə bağlı risklər və imkanlar nəzərdən keçirilib. Tərəflər dialoqun ikinci mərhələsinin noyabrın sonuna qədər keçirilməsi və bu texnologiya ilə bağlı baş verə biləcək hadisələr üzrə kommunikasiya kanalının yaradılması barədə razılığa gəlib.
Açıqlamada tərəflərin iqtisadi və ticarət məsələlərini müzakirə etməyə davam edəcəyi bildirilib. Malayziyadakı görüşlər zamanı bu il noyabrın 10-dək təxirə salınan müvəqqəti razılaşmanın müddətinin 2027-ci il yanvarın 10-dək uzadılması qərara alınıb. Tərəflər həmin tarixədək qarşılıqlı məqbul razılaşma əldə etməyə çalışacaqlar.
ABŞ və Çin arasında münasibətlər Donald Trampın ikinci prezidentlik dövründə Vaşinqtonun tarif artımları və texnologiya sahəsində məhdudiyyətləri, Pekinin isə qlobal tədarükün böyük hissəsini təmin etdiyi nadir torpaq elementlərinə nəzarət istiqamətində atdığı addımlar fonunda bir sıra mübahisələrlə üzləşib.
İki ölkənin nümayəndə heyətləri danışıqlar aparmaq üçün ötən ilin mayında İsveçrənin Cenevrə şəhərində, iyunda Böyük Britaniyanın paytaxtı Londonda, iyulda İsveçin paytaxtı Stokholmda, sentyabrda İspaniyanın paytaxtı Madriddə, oktyabrda Malayziyanın paytaxtı Kuala Lumpurda, bu ilin martında Fransanın paytaxtı Parisdə və may ayında Cənubi Koreyanın paytaxtı Seulda bir araya gəlib.
Danışıqlar zamanı qarşılıqlı tarif artımlarını 90 günlük müddətlə iki dəfə dayandıran tərəflər Malayziyadakı beşinci raund danışıqların sonunda iqtisadi fikir ayrılıqlarının həllinə dair müvəqqəti razılaşma çərçivəsində anlaşdıqlarını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Şi Cinpin 30 oktyabr 2025-ci ildə Cənubi Koreyanın Busan şəhərində keçirdikləri görüşdən sonra verilən müsbət mesajların ardından tərəflər mübahisəli məsələlər üzrə müvəqqəti razılığa gəlib.
Görüş zamanı iki ölkə qarşılıqlı tariflər çərçivəsində bir-birinə tətbiq etdiyi 24 faizlik əlavə tarifi noyabrın 10-dan etibarən bir il müddətinə təxirə salmaq barədə razılaşdıqlarını açıqlayıb.
Çin fentanil və onun prekursorlarının ixracına nəzarət üçün lazımi addımları atmağı öhdəsinə götürüb. ABŞ isə bu sahədə tədbirlərin yetərsiz olduğu əsas gətirilərək Çinə tətbiq olunan 20 faizlik əlavə gömrük tarifini 10 faizə endirəcəyini bildirib.
Vaşinqton sentyabrın 29-da ixrac nəzarətinin tətbiq edildiyi qurumlar siyahısında yer alan xarici şirkətlərin 50 faizdən çox paya sahib olduğu tərəfdaşlıqları da əhatə edən qaydanın qüvvəyə minməsini bir il təxirə salıb. Buna qarşılıq Çin də nadir torpaq elementlərinin ixracına nəzarətlə bağlı oktyabrın 9-da qəbul etdiyi tədbirlərin tətbiqini bir il təxirə salmağa razılaşıb.
ABŞ Çinin dənizçilik, logistika və gəmiçilik sektorlarına qarşı başlatdığı 301-ci maddə üzrə araşdırmanın nəticəsində ABŞ limanlarından istifadə edən Çin gəmilərinə ton başına əlavə liman rüsumu tətbiq etmək qərarını bir il təxirə salacağını açıqlayıb. Çin də buna cavab olaraq qəbul etdiyi tədbirlərin icrasını bir il təxirə salacağını bildirib.

