Nigeriyada bir ildə 7 825 nəfər fidyə üçün qaçırılıb
Nigeriyada 2025-ci ilin iyulundan 2026-cı ilin iyununadək 1 713 adam oğurluğu hadisəsinin baş verdiyi bildirilib.
AFN.az xəbər verir ki, bu müddətdə qaçırılan insanların sayının əvvəlki illə müqayisədə 66 faiz artdığı, hadisələr zamanı ümumilikdə təxminən 22,9 milyard naira (17,2 milyon dollar) fidyə tələb edildiyi və bunun 7,78 milyard nairasının ödənildiyi qeyd olunub.
Hesabatda ödənilən fidyə məbləğinin artmasının cinayətkar qruplar üçün insan oğurluğunun gəlirli fəaliyyətə çevrildiyini göstərdiyi bildirilib. Həmçinin adam oğurluğu hallarının Şimal-Qərb və Mərkəzi Kəmər bölgələrindən kənara yayıldığı qeyd edilib.
Təhlükəsizlik qüvvələrinin əməliyyatlarına baxmayaraq, zəif məhkəmə prosesləri, kəşfiyyat məlumatlarının koordinasiyasındakı çatışmazlıqlar, yoxsulluq və işsizliyin mütəşəkkil cinayət qruplarının fəaliyyətini asanlaşdırdığı vurğulanıb.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Boko Haram, Lakurava və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğuna görə ölüm cəzası nəzərdə tutulmasına baxmayaraq, fidyə məqsədilə qaçırılma hallarına tez-tez rast gəlinir.
Silahlı şəxslər əsasən ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəfə alaraq fidyə tələb edirlər.



