Nigeriyada qaçırılan 10 nəfər xilas edilib
Nigeriyanın Kaduna əyalətində silahlı şəxslər tərəfindən fidyə qarşılığında qaçırılan 10 nəfər əməliyyat nəticəsində xilas edilib.
Ordunun ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Musa Yahaya açıqlamasında bildirib ki, Kaduna əyalətinin Çikun bölgəsindəki Yero kəndində silahlı şəxslərə qarşı əməliyyat keçirilib.
Yahaya qeyd edib ki, silahlılar tərəfindən girov götürülən 10 nəfər xilas edilib.
Əməliyyatda 3 silahlının zərərsizləşdirildiyini bildirən Yahaya silah və mühüm sursatların da ələ keçirildiyi barədə məlumatı paylaşıb.
Nigeriyada adam oğurluğuna görə ölüm cəzasına baxmayaraq, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.