Aİ Komissiyası üzv ölkələrə enerji tələbatını azaltmaq çağırışı edib



Avropa İttifaqı (Aİ) Komissiyası artan enerji qiymətləri fonunda üzv ölkələri təbii qaz və elektrik istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.

AFN.az xəbər verir ki, Politico internet saytının məlumatına görə, Aİ Komissiyasının energetika məsələləri üzrə komissarı Dan Yorgensen üzv ölkələrin energetika nazirlərinə məktub göndərib.

Yorgensen məktubunda üzv ölkələrdən zəruri olduğu müddətdə təbii qaz və elektrik enerjisinə tələbatı azaltmağa yönəlmiş tədbirlər həyata keçirmələrini istəyib.

Qlobal təchizatın məhdud, qiymətlərin isə dəyişkən olduğu şəraitdə tələbatın azaldılmasının qiymətlərin nəzarətdə saxlanılmasına kömək edə biləcəyini bildirən Yorgensen hazırda təchizat böhranı ilə əlaqəli qiymət böhranı ilə üzləşdiklərini qeyd edib.

Yorgensen könüllü və düzgün planlaşdırılmış tələbatın azaldılması tədbirlərinin 2022-ci ildəki enerji böhranı zamanı faydalı olduğunu xatırladaraq, hazırkı vəziyyətdə də həmin təcrübədən əldə olunan dərslərdən istifadə edilməsinin vacibliyini vurğulayıb.

Aİ-də qaz ehtiyatlarının qeyri-adi dərəcədə aşağı olduğunu bildirən Yorgensen hazırda enerji təchizatının təhlükəsizliyi üçün təcili riskin olmadığını qeyd edib.

O, enerji qiymətlərinin tənzimlənməsi məqsədilə görüləcək tədbirlərin istehlakın artmasına səbəb olmaması üçün hədəfli və müvəqqəti xarakter daşımalı olduğunu bildirib.

Aİ ölkələrində təbii qaz anbarlarının doluluq səviyyəsi hazırda təxminən 70 faizdir. Aİ qışa hazırlıq məqsədilə noyabrın əvvəlinə qədər qaz anbarlarının 80 faiz doldurulmasını planlaşdırır.

Avropada təbii qazın qiymətinin müəyyənləşdirilməsində əsas göstərici hesab olunan Niderland mərkəzli TTF-də təbii qazın meqavat-saat qiyməti ABŞ və İsrailin İrana hücumlarına başladığı 28 fevraldan əvvəl 30 avro səviyyəsində idi. Hazırda isə Avropa bazarlarında təbii qazın meqavat-saat qiyməti təxminən 72 avro təşkil edir.

Avropa bazarlarında Fars körfəzindən gələn mayeləşdirilmiş təbii qazın (LNG) həcminin artmaması və ya Norveçdə aparılan texniki xidmət işləri səbəbindən ixrac məhdudiyyətlərinin uzadılması halında qışın ən sıx dövründə qiymətlərin meqavat-saat üçün 100 avronu keçə biləcəyi ilə bağlı narahatlıq var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu