Aİ-dən enerji böhranına qarşı yeni tədbirlər
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişələrin tətiklədiyi enerji böhranına qarşı elektrik enerjisi üzərindəki vergilərin azaldılmasını və təbii qaz anbarlarının koordinasiyalı doldurulmasını nəzərdə tutan yeni plan hazırlayıb.
AFN.az xəbər verir ki, Aİ Komissiyası idxal edilən qalıq yanacaqlardan asılılıq səbəbindən yaşanan çətinliklərlə bağlı "AccelerateEU" adlı planı ictimaiyyətlə paylaşıb. Plana əsasən, qaz anbarlarının doldurulması, neft ehtiyatlarının istifadəsi və reaktiv yanacağı tədarükünün təhlükəsizliyi sahəsində üzv ölkələr arasında əməkdaşlıq artırılacaq. Həmçinin, yanacaq bazarına nəzarət məqsədilə yeni "Yanacaq Rəsədxanası" yaradılacaq.
Plan çərçivəsində vətəndaşlar və sənaye üçün müvəqqəti dəstək tədbirləri tətbiq olunacaq. Bura gəlir dəstəyi, enerji kuponları, sosial tariflər və elektrik enerjisi üzərindəki vergi yükünün azaldılması daxildir. Komissiya elektrikin qalıq yanacaqlarla müqayisədə daha aşağı vergiləndirilməsini təmin edəcək hüquqi təkliflər hazırlayır. Yay aylarında isə Elektrifikasiya Fəaliyyət Planı açıqlanacaq.
Xatırladaq ki, Yaxın Şərqdəki gərginlik səbəbindən Aİ fevralın 28-dən bəri enerji idxalı üçün təxminən 24 milyard avro əlavə vəsait xərcləyib. Xüsusilə reaktiv yanacağı tədarükündə yaranan qıtlıq qiymətlərin 2 dəfə artmasına və uçuşların ləğvinə səbəb olub. Hazırda Aİ daxili istehsalı reaktiv yanacağı ehtiyacının yalnız 70 faizini qarşılaya bilir.
