Litvada əhalinin Polşaya təxliyəsi üzrə təlim keçirilir
Litva əhalisinin Polşa ərazisinə təxliyəsi prosedurları ölkədə keçirilən genişmiqyaslı mobilizasiya təlimləri çərçivəsində sınaqdan keçiriləcək.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Litvanın Milli Böhranların İdarəolunması Mərkəzinin nümayəndəsi Aurimas Qusçius jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Vyčio skliautas 2026” adlı təlimlər zamanı Polşa tərəfinin iştirakı ilə Litva sakinlərinin dövlət sərhədindən keçməklə Polşa ərazisinə təxliyəsi prosedurları aktivləşdiriləcək.
Qusçius həm hərbi əməliyyatlar, həm də əhalinin təxliyəsi baxımından Suvalki dəhlizinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu səbəbdən Polşanın təlimlərdə iştirakının Litva üçün mühüm olduğunu vurğulayıb.
Suvalki dəhlizi Litva ilə Polşa arasındakı təxminən 64 kilometr uzunluğunda strateji əraziyə deyilir. Dəhliz Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti arasında yerləşir. Onun bağlanması halında Litvanın NATO-dakı qərb müttəfiqləri ilə quru əlaqəsinin kəsilməsi riski yaranır.
“Vyčio skliautas 2026” təlimləri sentyabrın 25-dən oktyabrın 3-dək keçiriləcək. Təlimlərdə təxminən 3 min dövlət qulluqçusu və digər qurumların nümayəndələri, eləcə də 1 minə yaxın könüllü iştirak edir.


