Banqkokda sel 700 min nəfərə təsir edib
Taylandın paytaxtı Banqkokda sel 700 min nəfərə təsir edib.
AFN.az xəbər verir ki, Taylandın paytaxtı Banqkokun böyük hissəsində baş verən sel fəlakətindən təxminən 700 min nəfərin zərər çəkdiyi bildirilib.
Bangkok Post qəzetinin məlumatına görə, Banqkok Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Tavida Kamolvej açıqlamasında Tayland körfəzindən gələn aşağı təzyiqin gətirdiyi güclü yağışların şəhərin şərqindəki rayonlarda selə səbəb olduğunu bildirib.
Kamolvej bir çox məhəllənin su altında qaldığını və minlərlə insanın təxliyə mərkəzlərinə yerləşdirildiyini deyib.
Selin ümumilikdə 700 min nəfərə təsir etdiyini bildirən Kamolvej hazırda yüz minlərlə şüşə içməli suya ehtiyac olduğunu qeyd edib.
Banqkok meri Çadçart Sittipunt da keçirdiyi mətbuat konfransında sel sularının çəkilməsi prosesinin davam etdiyini və kanallardakı su səviyyəsinin aşağı düşməsinin gözlənildiyini bildirib.
Sittipunt yaşayış məntəqələrindəki suyun yavaş çəkiləcəyini, çünki əvvəlcə kanallardakı su səviyyəsinin aşağı düşməli olduğunu deyib. O, suyun çəkilməsini sürətləndirmək üçün alçaq ərazilərdəki yaşayış məntəqələrinə nasoslar quraşdırılacağını bildirib.
Banqkok Böyükşəhər Bələdiyyəsi sel səbəbindən şəhərin bütün 50 rayonunu fəlakət zonası elan edib və ərzaqla içməli su yardımı göstərilməsi üçün çağırış edib.
Meteorologiya rəsmiləri isə sentyabrın 24-dən etibarən Banqkokda təsirli olan leysan yağışları nəticəsində hər kvadratmetrə 320 kiloqram yağıntı düşdüyünü açıqlayıb.
