Apple-a 5,7 milyard dollarlıq patent cəzası kəsildi



ABŞ-da məhkəmə texnologiya şirkəti Apple-ın iki patenti pozduğuna qərar verərək şirkətin təxminən 5,72 milyard dollar təzminat ödəməsinə hökm edib.

AFN.az xəbər verir ki, məhkəmə prosesi zamanı Taction Technology şirkəti Apple-ı iPhone və Apple Watch kimi cihazlarda vibrasiyalı xəbərdarlıqları təmin edən Taptic Engine (toxunma mühərriki) mexanizmində öz texnologiyasından icazəsiz istifadə etməkdə ittiham edib.

San-Dieqo Federal Məhkəməsində andlılar heyəti sözügedən iki patentdə yer alan ümumilikdə üç elementin Apple tərəfindən pozulduğunu müəyyən edib. Bununla əlaqədar Taction şirkətinə 5,72 milyard dollar təzminat ödənilməsinə qərar verilib.

Apple qərarla razılaşmadığını və hüquqi yollardan etiraz edəcəyini açıqlayıb. Şirkət Taction-a məxsus hər hansı texnologiyadan istifadə etmədiyini müdafiə edir.

Bununla belə, beynəlxalq hüquq mütəxəssisləri və sektor analitikləri texnologiya nəhənglərinə tətbiq edilən bu böyük məbləğli cəzaların sonrakı hüquqi proseslərdə, xüsusilə apellyasiya mərhələsində hüquqi prosedurlar və texniki araşdırmalar nəticəsində adətən əhəmiyyətli dərəcədə azaldıldığını və ya qərarların tamamilə ləğv edildiyini xatırladırlar.

Digər tərəfdən, işə baxan andlılar heyəti Apple-ın sözügedən patent pozuntusunu bilərəkdən və ya qəsdən törətmədiyi qənaətinə gəlib.

ABŞ patent hüququna əsasən, əgər şirkətin pozuntunu qəsdən və pis niyyətlə törətdiyi müəyyənləşdirilsəydi, qanuni sanksiyalar çərçivəsində cərimə xarakterli təzminat hakimin qərarı ilə üç dəfəyədək artırıla bilərdi. Bu halda Apple-ın ödəməli olduğu ümumi məbləğ təxminən 17 milyard dollarla tarixi səviyyəyə çata bilərdi. Pozuntunun qəsdən törədilmədiyinin müəyyən edilməsi Apple-ın apellyasiya prosesində müdafiə strategiyası baxımından da mühüm hüquqi üstünlük kimi qiymətləndirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu