"Apple" üçün 20 milyard dollarlıq təhlükə
ABŞ məhkəməsinin "Google"un internet axtarışı və axtarış reklamında öz hökmranlığını gücləndirmək üçün qanunları pozduğu və qeyri-qanuni inhisarçılıq etdiyi barədə qərarından sonra "Apple"ın "Google" ilə qazanclı müqaviləsi təhlükə altında düşə bilər.
"Wall Street" analitikləri bildiriblər ki, "Google"un antiinhisar cərimələrindən yayınması üçün mümkün həll yolu "Google"un "Apple" cihazlarında standart proqram olması ilə bağlı müqaviləni ləğv etmək ola bilər.
"Morgan Stanley" analitiklərinin məlumatına görə isə "Google" bu imtiyaz üçün "Apple"a ildə 20 milyard dollar və ya "Safari" brauzeri vasitəsilə axtarış reklamlarından əldə etdiyi gəlirin təxminən 36 faizini ödəyir.
Analitiklərin hesablamalarına görə, sövdələşmənin iflasa uğraması halında "Apple"ın mənfəəti 4-6 faiz azalacaq.
Mayda KİV-in ABŞ Ədliyyə Nazirliyinin antiinhisar işi ilə bağlı təqdim etdiyi sənədə istinadən verdiyi məlumata görə, müqavilə ən azı 2026-cı ilin sentyabrına qədər qüvvədədir və "Apple" birtərəfli qaydada müqaviləni daha iki il uzatmaq hüququna malikdir.
Mənbə: AA