Ruslan Quliyev – 50


Bugünlərdə Azərbaycan turizm ictimaiyyətinin tanınmış nümayəndəsi, “Millennium” turizm şirkətinin və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm işinin təşkili komissiyasının sədri Ruslan Quliyevin 50 yaşı tamam olub.


Azərbaycanın tanınmış turizmçiləri, millət vəkilləri, QHT təmsilçiləri, dəyərli ailəsi və yaxın dostları bir yerə toplaşıb gözəl insan, etibarlı dost, fədakar turizmçi Ruslan Quliyevin 50 illik yubileyini qeyd edib. Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan məclisdə çıxış edərək ürək sözlərini, arzularını bölüşən hər kəs bildirdi ki, Ruslan bu mərhələyə öz zəhməti, bacarığı, çalışqanlığı ilə gəlib.

Ruslan Quliyevi yaxından tanıyan dostlarının onun haqqında söylədiklərindən:



Azərbaycan turizminin fədaisi

Jurnalist Fəxriyyə Abdullayeva öz Facebook hesabında yazıb:


“Ona Azərbaycan turizminin fədaisi deyirəm həmişə. Çünki tanıdığım 14 ildən artıq müddətdə həmişə ölkəmizdə turizmin inkişafı, təbliği, özünün təbiri ilə desək, Azərbaycanın tanınmış bir turizm destinasiyası kimi tanıdılması yönündə fəaliyyətdə görmüşəm. Bu yolda çox vaxt maddiyyat güdmədiyini də yaxşı bilirəm. Dəfələrlə şahidi olmuşam ki, iştirakçısı olduğu beynəlxalq turizm sərgilərində mənfur qonşularımızın Qarabağı müstəqil “artsax” respublikasının ərazisi kimi təqdim etməsinə etiraz edib, sərgi rəhbərliyi, təşkilatçılarla danışaraq onların stendlərini yığışdırmasına nail olub. Çünki o, həm də Vətənini, torpağını böyük məhəbbətlə sevən VƏTƏNPƏRVƏRdir.
İllərdir onu tanıyan, fəaliyyətini işıqlandıran bir jurnalist kimi mən də bunun şahidiyəm. 50-ni aşırdın, 100-ə nə qaldı?

Dəyərli Ruslan müəllim, bir növbəti 50 ili də başa vurun, sağlam canla, sevimli ailəniz və dostlarınızla, özü də arzuladığınız kimi, dünyaca məşhur bir turizm destinasiyasına çevrilmiş AZƏRBAYCANla birlikdə...



“Ruslan Quliyev turizmin özüdür”

"Turizm Plus" saytının rəhbəri Rəhim Qədirov: “Ruslan Quliyev mənim illərdir tanıdığım, böyük hörmət bəslədiyim Azərbaycan turizm sanayesinin dühalarından biridir. Ruslan müəllim çox etibarlı dost olmaqla yanaşı, həm də çox dəyərli müəllimdir. O, bu sahə üzrə bu günə qədər bilib-öyrəndiklərini hər zaman açıq və səmimi qəlblə gənclərlə paylaşıb, gənclərin yolunu işıqlandırmaq üçün illərini şam kimi əridib. Ruslan Quliyev turizmin özüdür, onun bu sahədə bilikləri və bu günə qədər etdikləri Azərbaycan turizminin inkişafında müsbət rol oynayıb. Və sonda qeyd edim ki, Ruslan Quliyevi bir çoxları peşəkar karyerasına görə tanıyırsa, mən həm də çox yaxşı bilirəm ki, o, gözəl ailə başçısı və fədakar atadır. Təbrik edirəm və arzu edirəm ki, hər zaman parlasın, yaşasın, yaratsın və nümunə olsun.



“Ruslan Quliyev Azərbaycan turizminin ən unikal simvoludur!”

Yaxın dostu, “Skal Baku” turizm peşəkarları klubunun rəhbəri Ceyhun Aşurov: “O, bizim üçün hər zaman gənc, enerjili, bir çox turizmci cavanlarin motivasiya mənbəyidir! Ruslan Guliyev turizmi diplomatiya, vətənpərvərlik səviyyəsində təqdim edən peşəkar məsləkdaşımızdır. Bu sahədə keçdiyi yol sınaqlara, zəngin təcrübələrə dayanır. Bu yolda əsl əzmkarlıq, müdriklik göstərib.

Amma inanıram ki, daha böyük uğurlar və nailiyyətlər hələ qabaqdadır. Gələcəkdə ona bu ömür səyahətində sağlıqlı, sevgi dolu, əzizlərinin əhatəsində gözəl günlər arzu edirəm. Ruslan Quliyev mənim üçün Azərbaycan turizminin ən unikal simvoludur!

50 illik yubileyi mübarək olsun!

“İnsanlarla ünsiyyət qurmağın ustadıdır”

Anar Həsənov, "Acces travel" şirkətinin direktoru
: “Ruslan Quliyevi mən turizm sənayesinin karifeyi adlandırıram. Onun kimi bacarıqlı, təcrübəli mütəxəssis bu gün Azərbaycanın turizm sektorunda çox az adamda var. Həmçinin də çox gözəl insan, adamın dar günündə olan təmənnasız dostdur. Deyir dostunu tanımaq istəyirsənsə, onunla yol yoldaşı ol. Ruslan Quliyevin o qədər gözəl yol yoldaşlığı var ki, ona bələd olan hər kəs çəkinmədən onunla uzun səfər yoldaşlığına çıxa bilər. İnsanlarla ünsiyyət qurmağın ustadıdır. Gözəl ailə başçısı, övladlarını canından çox sevən atadır. Bir sözlə, şəxsən mənim həyatımda tanıdığım ən gözəl insanlardan biridir.
“Tələbələrini sektora mütəxəssis kimi təhvil verən müəllimdir”

"Flame tour"un icraçı direktoru Fərid Hüseynov: “Ruslan Quliyevlə eyni şirkətdə işləmişəm. O, həm turizm cameəsi, həm də yoldaş, dost çevrəsi üçün bir tapıntı, şəxsiyyətdir. Mən ondan çox şey öyrənmişəm. Azərbaycan sağlamlıq turizminin inkişafında, təşviqində onun danılmaz xidmətləri var.

Ruslan Quliyev eyni zamanda turizm sahəsində tələbə yetişdirən bir müəllimdir. Onun Azərbaycan Turizm və Menecment Universitetində dərs keçdiyi tələbələr sektora sözün əsl mənasında bir mütəxəssis kimi daxil olur.

Gözəl yol yoldaşı, məsuliyyətli ailə başçısı, sədaqətli dostdur. Ona daha böyük uğurlar, sağlam və xoşbəxtlik dolu günlər arzulayıram.



Rauf Zeyni, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti: “Ruslan Quliyev ictimai-siyasi fəaliyyətini geniş spektrdə həyata keçirən bir insandır. O, həm termal turizmin, həm vətəndaş cəmiyyətinin, təhsilin inkişafında, azərbaycançılıq məfkurəsinin dünyada tanıdılmasında, eyni zamanda Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində çox çalışan bir insandır. İnsan kimi də çox gözəl insandır. Yaxşı dostdur. Fədakar ailə başçısıdır.

Ruslan Quliyev turizm sahəsindı bir çox ilklərə imza atıb. Onlardan biri də “Skal İnternational” turizm peşəkarları təşkilatının Bakı klubunun yaradılmasında göstərdiyi xidmətdir. Bütövlükdə bu sektorda beynəlxalq əlaqələrin yaradılması, formalaşdırılması və inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir. Ölkə rəhbərliyi tərəfindən onun bu xidmətləri yüksək dəyərləndirilib və “Tərəqqi” medalı ilə təltif edilib.

Bundan sonrakı 50 illik konsepsiyası da, düşünürəm ki, təcrübəsi, bilik və bacarığı ilə daha böyük uğurlarla yadda qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu