Bəs “McDonald's” siyasətə qarışmırdı?


““McDonald's” Vətən Müharibəsi zamanı ANCA (Amerikanın Erməni Milli Komitəsi – red.) erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi. O zaman “McDonalds” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi”.


AFN.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Ukraynadakı hadisələrlə bağlı “McDonald's” şirkətinin Rusiyada 850 restoranın bağlanılması barədə qərarına münasibət bildirərkən qeyd edib.

““McDonald's” şirkəti Ukraynaya təcavüzlə bağlı Rusiyanı boykot edərək, bu ölkədə olan 850 restoranını bağlayıb. Anlaşılandır.

Amma həmin “McDonald's” Vətən Müharibəsi zamanı ANCA (Amerikanın Erməni Milli Komitəsi – red.) erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi.

Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman “McDonald's” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi.

Yəni, o zaman bu şirkət, həmçinin də onları dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qurur, milli maraq, beynəlxalq hüquq məsələsini "franşiza-françayzinq" səviyyəsinə, “siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər”, - Osman Gündüz qeyd edib.

O bildirib ki, indi bu şirkət digər bir ölkənin suverenliyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb: “Necə olur ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar “siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu “təcavüzə etiraz” olur?

Bunun çox sadə bir adı var, yumşaq formada buna ikili standart deyirlər.

Bir qədər sərt formada olanı isə ümid edirəm hamı bilir ki bu tip yanaşmanı necə adlandırırlar, burda yazmağı məqsədəuyğun hesab etmirəm.

Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, boykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər.

Fikrimcə, dövlət üçün bu çox yanlış addım idi. Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməli idi.

O zaman da yazmışdım, indi də qeyd etməyi özümə borc hesab edirəm ki, normal ölkələr, özünə hörmət edən dövlətlər bu tip addımları bağışlamırlar”.

Ekspert ümid edir ki, aidiyyəti qurumlar “McDonald's” və bu tip qurumların 44 günlük müharibə zamanı Azərbaycana qarşı etdiklərini unutmayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu