“Vaşington Post” deyəsən, "yoluxub"... - Rüstəm Əbülfətoğludan nəşrin sayıqlamalarına tutarlı CAVAB




Rüstəm ƏBÜLFƏTOĞLU

Koronavirus dünyada çox şeyi dəyişir və dəyişəcək. Sözsüz ki, mətbuat da istisna deyil....



ABŞ-ın “Vaşington Post” kimi nüfuzlu dərgisi də deyəsən, xəstəliyə "yoluxub" və vəziyyəti son dərəcə ağırdır. Çünki yüksək hərarət artıq özünü tez-tez sayıqlama ilə daha qabarıq büruzə verir. Qəzet yazır: “İlham Əliyev koronavirus pandemiyasından sui-istifadə edərək siyasi rəqiblərini təqib edir və ölkədə repressiv atmosferi gücləndirir”. Doğrudan xəstəlik pis şeydir və buna gülməzlər... Azərbaycanda koronavirusla mübarizədə əsas qərarlar martın 14-də verilib, bundan xeyli sonra isə ölkə tarixində ilk dəfə olaraq İlham Əliyev siyasi rəqiblərini (müxalifəti) Novruz bayramı münasibəti ilə təbrik edib, daha əvvəl isə əksər müxalif partiya sədrləri ilə iqtidar nümayəndələri arasında Prezident Administrasiyasında təkbətək görüşlər keçirilib. Əgər bu, repressiya və təqibdirsə, onda belə çıxır ki, Amerika da İrandır.

Daha sonra hərarət bir az da artır və ABŞ-ın viruslu orqanı davam edir: “Siyasi məhbuslar söz və əqidələrinə görə ölməmələri üçün azad edilməlidirlər”. Əvvəla, Azərbaycanda siyasi məhbus yoxdur! İkincisi, hətta varsa belə, digərləri nə üçün ölməlidir və onlara niyə azadlıq istənilmir? Eyni zamanda Azərbaycan hökumətinin hətta bir çox inkişaf etmiş ölkələr üçün örnək sayıla biləcək karantindən xeyli əvvəl 200 məhbusu qeyd-şərtsiz azad etməsi də görməzdən gəlinir. Bu yerdə nəşr bəlkə də klinik ölüm keçirir.

Daha sonra titrəmə bir az da artır, üfunət iyi verən absurd və tamamən cəfəng daha bir yanaşma ortaya qoyulur. Sitat: ”İlham Əliyev Avropa demokratiyalarına neft ixracı ilə xidmət göstərir, "Avroviziya" mahnı müsabiqəsi keçirir, ABŞ-dan 100 milyon dollarlıq hərbi yardım təklifləri alır”. “Yoluxmuş dərgi” bir az da irəli gedərək Azərbaycan prezidentini buna görə “diktator” adlandırır. Vergüldən əvvəlki birinci hissədə nədənsə neft ixracı ilə xidmət göstərilən Avropa demokratiyalarının məsuliyyəti unudulur və düşünülmür ki, eyni məntiqlə xidməti qəbul edən tərəf də ittiham olunmalıdır. Birinci vergüldən sonrakı hissədə isə "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsi diktaturaya xidmət edirsə, o zaman belə çıxır ki, Azərbaycan vahid Avropanın diktatura mədəniyyətinə dəstək verib? Nəhayət, ikinci vergüldən sonrakı sonluqda Bakının “ABŞ-dan 100 milyon dollarlıq hərbi yardım təklifləri alması”na dair iddia da artıq xəstəliyin sağalmaz diaqnozunun göstəricisidir. Hərbi yardım təklifi edən ölkənin DEMOKRATİYAya, təklif edilən ölkənin isə DİKTATURAya xidmət etməsini söyləmək ən yaxşı halda ÖLÜM DIAQNOZUNU təsdiqləyir.

“Təhlilçi” Coşua Kurlantzik belə davam edir: “Avtoritar liderlər tez-tez fövqəladə hallardan - müharibələr, terror hücumları, yanğınlar və təbii fəlakətlərdən istifadə edərək əldə hakimiyyət cəmləşdirirlər.” Əvvəla, Azərbaycan inkişaf etmiş ölkələrin atdığı sınanılmış addımları təhlil edərək dərhal ən doğrusunu tətbiq edir, ikincisi isə demokrat başı TRAMPın təbirincə desək, ABŞ-ın bütün ştatlarına “minlərlə və minlərlə hərbçi göndəriləcək”. İndi kim daha çox “avtokratdır”, kim “Almaniya diktatoru Adolf Hitler və ya İndoneziya despotu Suharto” ilə müqayisə olunmalıdır, nəticəni özünüz çıxardın.

Mən isə arzulayıram ki, virusun ilk vaksini ABŞ-da tapılsın. Ən azından dünyanın sakit qalması üçün....



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu