Sosioloq: Normal cəmiyyətlərdə belə şeylərə gülürlər...


Azərbaycanda müğənnilərin Yeni illə bağlı tədbirlərdə iştirak üçün tələb etdikləri məvacib sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Belə ki, Xalq artistləri Röya Ayxan və Aygün Kazımovanın yarım saatlıq çıxış üçün 50 min manat tələb etmələri etirazla qarşılanıb. Bildirilib ki, ölkədə minimum əməkhaqqı 345 manatdır, bu rəqəm isə məşhurların tələb etdikləri qonorarla tamamilə ziddiyyət təşkil edir. Müzakirələr zamanı adları açıqlanan müğənnilərin yüksək məbləğ ödəyərək konsertlərinə gedən pərəstişkarlarını da qınayanlar az olmayıb.
Sosioloq: “Normal cəmiyyətlərdə belə şeylərə gülürlər...”


Bununla bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğlu Pravda.az-a fikirlərini bölüşüb.

“Neçə illərdir ki, deyirəm və dediklərim min illərin təcrübəsidir. Hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, o cəmiyyət özü özünü tənzimləyir. Hansı cəmiyyətdə ki mənəvi dəyərlər sıxışdırıldı, arxa plana keçdi, o cəmiyyətdə hökmən gərginlik yaranır. Yeni ildə yarım saatlıq çıxış üçün müğənnin 50 min manat məvacib tələb etməsi artıq ölkədə maddi dəyərlərin şişirdilməsi, maddi dəyərlərin önə keçirilməsi deməkdir. Bu, xoşagələn deyil, sosioloq olaraq belə şeyləri məsləhət görmürəm. Bir başqası da maşınına, yaxud telefonuna neçə min manatlıq nömrə alır. Bütün bunlar cəmiyyətdə maddiyyatçılığı və maddiyyata meyilli olanların sayını artırır. Nəticədə, cəmiyyətdə gərginlik yaranır. Normal inkişaf etmiş cəmiyyətdə belə şeylərə gülürlər. Amerikadan gələn bir nəfər azərbaycanlı alim qonağım olmuşdu. Dedi, Əhməd, küçəyə baxıram, balaca qız uşağı tank boyda maşın sürür. Camaat böyük maşınlar sürür ki, özünü göstərsin, nə var-nə var, bahalı maşın sürürəm. Buna ehtiyac var? Bizim cəmiyyətdə bu cür xəstəlik yaranıb. Meşşanlıq, özünü maddiyyatla nümayiş etdirmək... İnsan hər zaman özünü təsdiq etmək istəyir. Bu, beşikdə də belədir, insana xas xüsusiyyətdir. Amma elə cəmiyyət olur ki, orada insan mənəvi dəyərlərlə özünü təsdiq edir. Bax, o cəmiyyət sürətlə irəli gedir. Əks halda isə aşınmalar olur. Sovet hökumətində nə qədər gərəksiz işlər oldu, camaatı öldürdülər. 1937-ci il və digərləri... Amma mənəvi dəyərlərlə cəmiyyəti saxlayırdılar. İnsanlar çalışırdılar ki, uşaqları savadlı olsun, evdə kitabxanalar çox olsun. Onlar telefon, yaxud maşın nömrələri ilə fəxr etmirdilər. O qədər ziddiyyətli sovet cəmiyyətində xeyli gözəl insanlarımız, alimlərimiz - Yusif Məmmədəliyev, Həsən Abdullayev, Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyli və başqaları yetişdi. Məhz mənəvi dəyərlərin hesabına. Toylarımız da meşşancasına keçir. Tarixə baxsanız, çinlilər vaxtilə mədəni inqilab ediblər. Düşünürəm ki, vaxt gələcək, ölkədə gözəl islahatlar gedəcək və mənəvi məsələlərə də fikir verəcəyik. O zaman artıq ölkədə maddiyyatçılığı təbliğ edən belə məsələləri də ortadan götürəcəyik”, - sosioloq deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu