Azərbaycanda turizmin əsaslı inkişafı Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir - Yasir Hacıyev


Azərbaycanda bir çox sahələrdə olduğu kimi, iqtisadiyyatın mühüm qollarından biri olan turizmin inkişafında da əsas irəliləyişlərə mərhum prezident Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə nail olunub. Ölkə turizminin inkişaf tarixini vərəqlədikcə məlum olur ki, bu sahədə müstəqilliyəqədərki dövrdə və ondan sonrakı ilk 10 ildə həm qanunların qəbulu, həm Azərbaycana çoxsaylı turistlərin cəlbi baxımından əhəmiyyətli layihələrin həyata keçirilməsi Heydər Əliyevin turizmə göstərdiyi diqqətin nəticəsidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Yasir Hacıyevin sözlərinə görə, XX əsrin əvvəllərində Azərbaycanda turizmlə bağlı müəyyən işlər həyata keçirilib. Belə ki, Bakıda “Yeni Avropa”, “Metropol” hotelləri istifafəyə verilib. 1920-1930-cu illərdə Bakıda müxtəlif turizm təşkilatlarının fəaliyyət göstərməsi, yeni mehmanxana, o cümlədən 124 yerli “İnturist”in və digər xidmət sahələrinin açılması həm daxili, həm də xarici turizmin təşkilinə imkan yaratmaqda idi. Lakin Azərbaycanda turizmin bir fəaliyyət sahəsi kimi özünü göstərməsi və əsaslı inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir: “1969-cu ilin iyulunda H.Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirilir (1969-1982-ci illər). Respublikanın siyasi, iqtisadi və mədəni həyatında, eləcə də turizm sahəsində hiss ediləcək canlanma yaranır. Bu istiqamətdə atılan ilk addımlardan biri Turizm üzrə Azərbaycan Şurasının bazasında Turizm-Ekskursiyalar üzrə Azərbaycan Respublika Surasının yaradılması oldu. Yəni Şuranın fəaliyyət dairəsi daha da genişləndirildi.
1969-cu ilin may ayında SSRİ Nazirlər Soveti və Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurası “Ölkədə turizmin və ekskursiyanın inkişaf etdirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərarın yerinə yetirilməsi istiqamətində H.Əliyev Azərbaycanda kütləvi turizmin, turizm və ekskursiya işinin genişləndirilməsi haqqında aidiyyəti olan nazirlik və komitələrə xüsusi tapşırıq və göstərişlər verdi”.

1980-ci illərin sonunda Naftalanda hər il 80 minə qədər turistə xidmət göstərilirdi



Yasir Hacıyev deyir ki, görülən işlərdən biri əsası 1926-cı ildə qoyulmuş Naftalan sanatoriyasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar idi. O dövrdə sanatoriya-kurort xidmətlərinin inkişafı baxımından respublikada böyük işlər görüldüyünü qeyd edən həmsöhbətimiz Naftalan sanatoriyasını məşhurlaşdırmaq və bura dünyanın müxtəlif ölkələrindən turistlərin cəlb edilməsi üçün yeni müayinə və müalicə metodlarına ehtiyacın olduğuna diqqət çəkir: “Ona görə də elə həmin ildə Naftalan sanatoriyasının laboratoriyasının nəzdində 12 otaqdan ibarət “Vivarium” təcrübə mərkəzi fəaliyyətə başladı. Burada təcrübə işlərinin aparılmasında məqsəd Naftalan neftinin komponentləri, fraksiyaları, qan fermentlərinin biokimyəvi və histokimyəvi aktivliyi, qan plazmasında sərbəst amin turşularının səviyyəsi, qanın morfologiyası və spektri, daxili orqanların histomarfologiyasının öyrənilməsi idi. Naftalan müalicəsinin bu cür elmi tədqiqi onun əhəmiyyətinin artmasına, daha çox şöhrət qazanmasına və turist cəlb ediciliyinin artmasına hesablanmış işlər idi.
1982-ci ilin fevralında Azərbaycan SSR Nazirlər Sovetinin “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” qərarı qəbul olunub. Bu qərarın tələblərinin yerinə yetirilməsi sayəsində Naftalan kurort şəhəri kimi böyüyüb, maddi-texniki bazası möhkəmləndirilib, yeni sanatoriyalar və müalicə mərkəzləri tikilib. Şəhərdə 480 yerlik “Mil” və “Azərbaycan”, 580 yerlik “Çinar”, 800 yerlik “Goran” sanatoriyası inşa edilib. O dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı, geniş şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Həmin illərdə Naftalan şəhərində yeni parklar salınıb, çoxmətəbəli yaşayış binaları tikilib. Eləcə də şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr, hava limanı, avtovağzal, 4 mərtəbəli telekommunikasiya qovşağı və 9 mərtəbəli 108 yerlik mehmanxana tikilib istifadəyə verilib. 1980-ci illərin sonunda Naftalanda hər il 80 minə qədər turistə xidmət göstərilirdi.
Ümumiyyətlə, Naftalan Kurortunun inkişafı 1970-1990-cı illərin əvvəlinə qədər daha coşqun olub. Məhz H. Əliyevin təşəbbüsü ilə Naftalan Kurortu SSRİ-də Ümumittifaq kurortu adı ilə böyük şöhrət qazanıb”.
Həmsöhbətimiz deyir ki, 1993-cü ilin iyulunda H.Əliyev Azərbaycan xalqının iradəsi ilə yenidən dövlət başçısı seçildikdən sonra ölkəmizin beynəlxalq nüfuzunu qorumaqda mühüm rol oynamış “Əsrin müqaviləsi”ni (1994-cü il 20 sentyabr) imzaladı. Başlanğıcda 8 ölkənin 11 iri neft şirkətinin imzaladığı bu müqaviləyə az sonra 19 ölkənin 40-dan çox neft-qaz “nəhəngi” qoşulmuşdu: “İqtisadi əlaqələrin artması turizm işinə də yaxşı mənada təsir edirdi. Bakıda xarici iş adamlarının fəaliyyət göstərməsi onların ailə üzvlərinin də ya daimi, ya da fasilələrlə burada yaşaması zərurətini doğururdu. Deməli, paytaxtda daha komfortobelli yerləşmə müəssisələrinə ehtiyac yaranırdı. Eyni zamanda qeyri-neft sahələrinin, o cümlədən turizmin inkişafı üçün sərmayə qoyuluşuna və qanunvericilikdə turizmlə bağlı olan sahibkarlığın qarşısında “yaşıl işığın” yandırılmasına ehtiyac var idi.
H.Əliyevin 1994-cü ildə Çinə, 1995-ci ildə Bolqarıstana, 1997-ci ildə Polşaya, həmin ildə İtaliyaya, 1998-ci ildə İngiltərəyə və digər ölkələrə səfərləri zamanı imzalanan sənədlərdə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı turizm səfərlərinin təşkili də nəzərdə tutulmuşdu.
Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il dekabrın 5-də Ümumdünya Bankının Parisdə təşkil etdiyi “Azərbaycan üçün investisiyalar” mövzulu beynəlxalq konfrans təşkil edilmişdi. Həmin konfransda çıxış edən dövlət başçısı bildirib: “Biz neftlə bağlı böyük müqavilələr imzalamışıq. Bizdə iri neft şirkətləri və bir çox digər xarici şirkətlər işləyirlər. Təbiidir ki, mehmanxana təsərrüfatına, servisin bütün sahələrinə sərmayə qoyulması səmərəlidir. Biz bu işdə sizinlə fəal əməkdaşlıq edə bilərik. Ölkəmiz turizm üçün, istirahət üçün şox yaxşı baza ola bilər”. Bu, H.Əliyevin yerli və xarici iş adamlarına hotelçilik və turizm biznesinə sərmayə yatırılması üçün etdiyi çağırış idi. Çağırış öz nəticəsini verdi. Belə ki, qısa zaman ərzində sərmayədarlar qeyri-neft, o cümlədən turizm sənayesi üçün iki milyard dollardan çox yatırım etdilər. Az sonra müasir tələblərə cavab verən turizm infrastrukurunun bütün ölkə ərazisində genişlənməsinə başlanıldı”.

“Böyük İpək Yolu”nun bərpası Azərbaycana ildə bir milyon turist gətirəcək

Yasir Hacıyev H.Əliyevin uzaqgörən siyasətinin daha bir nəticəsi kimi “dünyanın ilk turizm marşrutu” adlandırılan tarixi “Böyük İpək Yolu”nun bərpası istiqamətində görülən işlərin olduğunu deyir. Onun sözlərinə görə, bu planın həyata keçməsi üçün ardıcıl olaraq bir neçə il müxtəlif ölkə başçıları ilə görüşlər keçirilib, planlaşdırma, təşkilatçılıq işləri aparılıb və qənaətbəxş nəticəyə nail olunub: “Yəni imzalanan müqavilə və sənədlər region ölkələrinin iqtisadi əlaqələrinin inkişafı, ölkələrarası ticarət əlaqələrinin artması, daşımaların daha tez çatdırılması və gömrük haqqının azaldılmasına imkan yaradırdı. Eyni zamanda bu marşrutla Azərbaycana gələcək turistlərin sayının yaxın zamanda hər il bir milyon nəfər olacağına inam yaranmışdı. Zaman keçdikcə dahiyanə qəbul edilmiş bu plan da özünü doğrultmaqdadır.
1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Turizm haqqında” Qanunu ölkə prezidenti H.Əliyev təsdiq etdi. Bu qanun AR-də turizm fəaliyyətinin hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini və əsaslarını müəyyənləşdirdi, eləcə də turizm sahəsində münasibətləri tənzimləmək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi və s.
Turizm işinə birbaşa rəhbərlik etmək, onun planlaşdırma, təşkilatçılıq və nəzarət işini həyata keçirmək üçün daha çox səlahiyyət və imkanlara malik idarəetmə orqanına ehtiyac olduğuna görə H.Əliyev 2001-ci il aprelin 18-də Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında fərman imzaladı.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanın turizm imkanlarını yüksək səviyyədə təbliğ edən “Welcome to Azerbaijan” adlı xüsusi disk hazırlandı və ÜTT Baş Assambleyasına təqdim olundu. Həmin diskdə “Turizm in Azerbaijan” adlı veb səhifə yaradıldı. Həmin il sentyabrın 25-də Seulda ÜTT-nin XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv oldu. Bu da öz növbəsində ölkəmizə turizm fəaliyyəti üzrə tövsiyələr və dünyanın başqa ölkələrinin turizm təşkilatları ilə əlaqələrin qurulmasında əməli formada kömək edilməsinə imkan yaratdı.
H.Əliyevin apardığı islahatlar 2001-ci ildə Azərbaycan Respublikasının Avropa Şurasına üzv olmasına imkan verdi. Bu beynəlxalq təşkilata üzv olmaq ölkəmizin Qərbə inteqrasiyasına müsbət təsir etdi. Qarşılıqlı əlaqələrin yeni səviyyətdə inkişafı bəzi Qərb ölkələrinin Azərbaycanda olan xristian mənşəli tarixi memarlıq abidələrində təmir işlərinin aparılması üçün sərmayə yatırdılar. Artıq dini ziyarət yerlərində təmir-abadlıq işləri aparmaq təcrübəsi var idi. Belə ki, hələ 1994-1998-ci illərdə H.Əliyevin göstərişi ilə “Bibiheybət” məscidinin tam yenidən qurulması işi müvəffəqiyyətlə başa çatdırılmışdı. Ölkə başçısının turizm abidələrinə qayğı və diqqəti başqa abidələrin də bərpa olunmasına yol açdı. Belə ki, Bütün Qafqazda ən qədim alban məbədi sayılan Kiş kilsəsində Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən 2001-ci ildən başlanan bərpa işləri nəticəsində abidə ona xələl gətirən saxta əlavələrdən təmizləndi və öz ilkin arxitekturasına qaytarıldı. Bu abidə 2001-ci ilin avqustunda dünya əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Yuxarıda sadalananlar sübut edir ki, ümummilli lider H.Əliyev Azərbaycanda turizmin inkişafına xüsusi diqqət ayırıb və ölkəmizdə turizmin genişlənməsinə naminə hər bir imkandan bacarıqla istifadə edib”.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu