400-dən çox körpəni qətlə yetirən qadının TÜKÜRPƏDİCİ ƏMƏLLƏRİ


Bir çoxumuza məlumdur ki, silsilə qatillərin törətdiyi cinayətlər daha çox “psixi həzz” üçün edilir. Çünki həmin şəxslərin psixologiyalarında ciddi problemlər olur. Ancaq bu qətllərdən ən dəhşətlisi mənfəət üçün törədilən qətllərdir.



Bizim.Media 400-dən çox körpəni qətlə yetirən seriyalı qatil haqqında tükürpədici faktları təqdim edir:

Söhbət adi bir qatildən getmir. Çünki bəhs etdiyimiz şəxs 30 il ərzində bu cinayətləri törədib.
Haqqında danışdığımız şəxs Amelia Dayerdir, lakin hamı onu “körpə fermer” kimi tanıyır. Onun bu cür xatırlanmasının səbəbi isə pul müqabilində uşaqları böyüdüb, daha sonra göz yaşlarına belə baxmadan onları bir-bir öldürməsidir.

Amelia Dayer 1837-ci ildə İngiltərənin Bristol şəhərində anadan olub. Ömrünün ilk illəri haqqında məlumat az olsa da, onun sanballı ailədən olduğu məlumdur. Xoşbəxt ailəsi olan Dayer valideynlərini itirdikdən sonra qaranlıq bir dövrə qədəm qoyur.
Onun anası tif xəstəliyi və şiddətli qıcolmalardan əziyyət çəkirdi. 1848-ci ilə qədər Amelia xəstə anasına qulluq etmək məcburiyyətində qalır və bu müddət ərzində o, iki kiçik bacısını da xəstəlikdən itirir. Anası xəstəliklə mübarizə apara bilmədiyi üçün çox keçmədən dünyasını dəyişir. 1849-cu ildə çəkməçi olan atasını da itirəndən sonra Amelia tamamilə tək qalır.

Ailəsi dağılan qadın çarəni evlənməkdə tapır. O, özündən 35 yaş böyük olan Corc Tomasla evlənir.



Dayerin həyatında dönüş nöqtəsi Tomasla tanış olduğu vaxta təsadüf edir. Corc Tomas ilə münasibəti zamanı o, tibb bacısı təhsilini almağa başlayır və bu müddətdə öz sənətini inkişaf etdirir. Dayerin bu evlilikdən bir övladı olur, ancaq çox keçmədən həyat yoldaşını itirir və dolanışığını təmin etməkdə çətinlik çəkir.

Bu dövrdə tanış olduğu Ellen Dane adlı “mamaça” Amelianın həyatında qaranlıq bir dövrün qapılarını açır. Dane Amelianı körpələrin böyüdülməsi konsepsiyası ilə tanış edir və bu, onun seriyalı qatil olma yoluna başladığı nöqtə olur.



O zaman İngiltərədə tənha və uşaqlı qadınlar cəmiyyətdə birmənalı qarşılanmırdı. Bu qadınlar uşaqlarının qayğısına qalmaq üçün çətin mübarizə aparırdılar. Onların çox vaxt geriyə iki yolu qalırdı: bir çox təhlükələr gətirən fahişəlik və ya uşaqdan qurtulmaq…

Bu çətinlik “körpə fermerlər”in meydana çıxmasına səbəb olur. Fermer ifadəsinin istifadəsi təsadüfi deyil. Çünki bu şəxslər pul qarşılığında uşaqları böyüdüb satırdılar, onlara “körpə fermerlər” deyirdilər. Xüsusilə, çətin vəziyyətdə olan anaların əllərindən pul qarşılığında körpələri alırdılar. Onlar ödəniş edərkən uşağın xoşbəxt yaşayacağına söz verirdilər.



Ödənişlər o dövr üçün 10-80 avro arasında dəyişirdi. Amelia müştərilərini tibb bacısı və evli olduğuna inandırmaqla onlarda inam yarada bilirdi. Ancaq bu anaların körpələrinin dəhşətli aqibətlə üz-üzə qaldığını bilmək imkanı yox idi.

Amelia əvvəllər uşaqlara müştərilərinə söz verdiyi kimi davranırdı. Amma bir müddətdən sonra uşaqları yedizdirməməklə xərcləri azaltmağın daha sərfəli olduğunu anladı. Bu isə uşaqların ümumi baxımsızlıqdan və aclıqdan ölməsinə səbəb oldu.



1879-cu ildə Amelia ilə əlaqə saxlayan bir həkim çoxsaylı ölüm hadisələrini öyrənəndən sonra şübhələnir və aidiyyəti qurumlara məlumat verir.

Lakin o zaman qadınların kütləvi uşaq öldürməsi fikri cəmiyyətə yad olduğu üçün ciddi qəbul edilmir. O, sadəcə səhlənkarlığa görə təqsirli bilinərək 6 ay ağır işlərə məhkum edilir.

Bu təcrübə onu mənəvi yorur. Daha sonra tibb bacısı kimi yenidən fəaliyyət göstərməyə cəhd edir, lakin spirtli içki və tiryək istifadəsi buna mane olur. O, bir neçə dəfə psixoloji müalicə üçün xəstəxanaya göndərilir.

Dayerin yalandan özünü dəliliyə vurduğu zənn edilirdi. O, dəlilik haqqında hər şeyi anasından öyrənmişdi və psixiatriya müəssisəsindən ən yaxşı şəkildə necə yararlanacağını bilirdi. Bir müddət sonra Dayer yenidən “körpə əkinçiliyi”nə qayıdır. O, bu dəfə daha peşəkar planlar hazırlayır.



Dayerin təcrübəsində meyitləri parçaya büküb basdırmaq, çaya atmaq və ya şəhərin müxtəlif yerlərində gizlətmək kimi davranışlara rast gəlinib. Amelia Dayer bu dəhşətli təcrübə ilə illərdir davam edən qaranlıq dönəmdə öz izini qoyub.

Xüsusilə, onun daha çox cəsədləri Temza çayına atması körpələrin meyitlərinin aşkarlanmasını çətinləşdirib.Ölən körpələrin sayı getdikcə artdığı üçün yerli polis məsələ ilə bağlı araşdırmalarabaşlayıb.

Lakin Dayeri tutmaq üçün tutarlı dəlil tapmaq asan deyildi.

Kimliyini gizli saxlamaq üçün Dayer tez-tez müxtəlif şəhərlərə köçürdü və daim ləqəblərdən istifadə edərək gəzirdi. İllər ərzində alkoqol qəbulu da onun üzünün kəskin şəkildə dəyişməsinə səbəb olub.

Artan etirazlar polisin məsələni ciddi şəkildə araşdırmasına səbəb olur. 1896-cı ilin martında Temza çayında qablaşdırma kağızına bükülmüş körpə cəsədi tapılır.



Qablaşdırmanın küncündə solğun şriftlə “Miss Tomas” yazısına və ünvanla bağlı qeydə rast gəlinir. Polis bu ünvanı izləyir və Dayerin evinə çatır. Onun evinə girən polis çürümüş insan ətinin qoxusunu hiss edir və Dayeri dərhal bölməyə aparır.

Dayer etiraf edir ki, öldürdüyü körpələri Temza çayına atıb. O, atdığı körpələrin boynuna ağ lent bağladığını da bildirib. Çayda axtarış aparan polis Dayerin təsvirinə uyğun gələn 6 körpənin cəsədini tapır.

1896-cı il iyunun 10-da Amelia dayer məhkəmənin qərarı ilə edam edilir. Qatilin öldürdüyü körpələrin dəqiq sayı məlum deyil, lakin onun xidmətlərindən istifadə edən anaların ifadələrinə əsasən, 400 körpənin öldürüldüyü təxmin edilir.

Qeyd edək ki, qatil qadının edamından sonra ölkədə övladlığa götürmə qanunları və yoxlamalar sərtləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu