Turizm şirkətindən 20 ailəyə qarşı dələduzluq - FOTO




Leyla Məmmədli adlı Bakı şəhər sakini paytaxtda yerləşən "InTravel Az" turizm şirkəti barədə maraqlı məlumat yayıb.

O, şirkəti dələduzluqda ittiham edib. Leyla Məmmədlinin sözlərinə görə şirkət 20 ailəyə qarşı eyni addımı atıb. Xanımın "Facebook" səhifəsi üzərindən yaydığı şikayəti olduğu kimi təqdim edirik:

"Salam dostlar! Başıma gələn bir hadisə səbəbindən şokdayam və sizinlə paylaşmaq istədim. Ki, mənim kimi tələyə düşməyəsiniz. Mən ailəmlə (uşaq, yoldaşım, anam, qardaşım) bu gün səhər Antalyaya uçmalı idik. "InTravel Az" şirkətindən tam ödəniş edərək, möhürlü və imzalı qəbzi olan sənədlə tur paket almışdıq. Səhər hava limanında anlaşılıb ki, nə bilet var, nə hotel. Və hələ mənim kimi hazırda 20-dən çox ailə bu dələduzluqdan əziyyət çəkir. Təbii ki, qanun qarşısında cavab verəcəklər və pulumuzu geri alacağıq. Ancaq mənim və ailəmin yaşadığı stressin bədəlini heç kəs ödəyə bilməyəcək. Ona görə burdan paylaşdım ki, bilin və agah olun. O yalançı, dələduz, başqalarının pullarının öz şəxsi mənafelərinə görə mənimsəyənlərdən heç nə almayın. Və belə yalançı turizm şirkətləri də bağlanmalıdır. Əminəm ki, bununla bağlı ən qısa zamanda hüquq mühafizə orqanları da tədbir görəcək".

Məsələ ilə bağlı şirkətdən ilk cəhdimizdə məlumat ala bilməsək də, artıq qarşı tərəfin də mövqeyini öyrənə bildik.

"InTravel Az" şirkətindən verilən məlumata görə, qurum hadisədən xəbərdardır və dələduzluq edən əməkdaşının da kim olduğunu aşkar edib:

"InTravel Az" şirkəti işçisinin dələduzluğu nəticəsində bu problemlərlə qarşılaşıb. Nərgiz Məmmədova adlı şəxs, müştərilərdən ofisdən kənar ödəmələr alaraq, saxta "voucher" və biletlər verib. Özü 2 ilə yaxın ofisdə intizamlı işçilərdən olub, amma son 1 həftədə bu vəziyyətdən agah olduq və hüquq mühafizə orqanlarına məlumat verdik. Bu vəziyyətdən sui istifadədir. "InTravel Az" şirkəti 8 ildir fəaliyyət göstərir və ilk dəfədir ki, bu halla rastlaşır", deyə şirkətdən bildirilib.

Son olaraq "InTravel Az" şirkəti müştərilərə xəbərdarlıq edib: "Müştərilərimizə bildiririk ki, ofisdən kənar nə ödəniş, nə də başqa bir sənəd almasınlar!"(qaynarinfo.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu