Qazilər niyə intihar edir?

Artıq xeyli müddətdir ki, qazilərin intihar mövzusu ziq-zaqvari də olsa gündəmə gəlir. Sabirabadda baş verən son olaydan sonra mövzu bir daha aktuallaşdı. Və artıq bu sadəcə gündəm mövzusu deyil – bu həyəcan təbilidir.
Baş verənlərə müxtəlif yanaşmalar var. Amma ən çox işlədilən və müzakirə olunan “Vyetnam sindromu” , “Əfqan sindromu”dur.
Əvvəlcə bu sindromlar və Azərbaycanın hazırkı durumunu müqayisə edək. Sonra isə niyə bunun ortaya atıldığını araşdırarıq.
Vyetnamda ABŞ əsgəri, Əfqanıstanda isə SSRİ əsgəri məğlub oldu. Amma bu gün Azərbaycan əsgəri qalibdir.
ABŞ əsgərlərini Vyetnama aldadaraq, bəzən də şirnikləşdirərək göndərirdi, SSRİ isə Əfqanıstana əsgərlərini heç bir izahat vermədən, “beynəlmiləl borcunu” yerinə yetirməyə göndərirdi. Azərbaycan əsgəri isə Vətən müharibəsinə könüllü, dərk edərək, öz Vətənə olan borcunu yerinə yetirmək üçün gedib.
ABŞ-da Vyetnam müharibəsinə etiraz edənlər kifayət qədər idi və cəmiyyət bu müharibəyə münasibətdə iki yerə bölünmüşdü. SSRİ-də də Əfqanıstana müdaxilə birmənalı qarşılanmırdı, dissidentlər səviyyəsində olsa belə. Azərbaycan isə Qarabağı azad edirdi və bu hər bir Azərbaycanlı üçün lazımlı, gərəkli və müqəddəs bir savaş idi.
Deməli bu müharibədən qayıdanlar nə məğlub olduqları üçün, nə də yad məmləkətdə, yad xalqa qarşı təcavüz etdiyi üçün heç kim tərəfindən qınanmır. Cəmiyyət onları lazımsız bir qərarın icraçıları kimi yox, xalqın vicdanını təmizə çıxaran qəhrəmanlar kimi qəbul edir. Nə Vyetnamda vuruşan ABŞ əsgəri, nə də Əfqanıstanda vuruşan SSRİ əsgəri belə qəbul edilmirdi. Bu Vyetnamdan və Əfqanıstandan qayıdanlarda mənəvi-psixoloji diskomfort yaradırdı. Əksinə Azərbaycan əsgəri mənəvi-psixoloji baxımdan çox rahatdır.
Sözsüz ki, müharibənin insan şüurunda buraxdığı izlər var. Sənə əziz olan dostunu döyüşdə itirmək izsiz ötüşmür. Bəli bu psixoloji travmanı aradan qaldırmaq üçün psixoloji dəstək lazımdır. Amma bu heç bir halda “Vyetnam sindromu”ndan və “Əfqan sindromu”ndan yaranan psixoloji diskomfort deyil.
Bəs niyə bu gün baş verənləri “Vyetnam sindromu” , “Əfqan sindromu” ilə eyniləşdirmək cəhdi var?
Sözsüz ki, burada naşılıq bilməməzlik elementləri də var. Amma düşünülmüş yayındırma da var.
Baş verənləri “Vyetnam sindromu” , “Əfqan sindromu” kimi cəmiyyətə təqdim etmək əsas səbəbdən diqqəti yayındırmaq üçündür.
Əsas səbəb nədir?
Axı necə olur ki, bütün cəmiyyət bu insanlara sayğı ilə yanaşır, amma problemlər qalır? Axı necə olur ki, hansısa qazi və yaxud şəhid ailəsi hər cürə qayğı ilə əhatə olunur, amma bir başqası laqeyidlikdən, diqqətsizlikdən gileylənir və hətta intihar edir?
Bax problemin kökü burdadır. Bunu araşdırmaq lazımdır.
Və bu problem təkcə qazilərlə bağlı deyil. Qarabağ müharibəsində şəhid olanların ailələri, sağlamlığını itirənlər və müharibədən sağ-salamat qayıdanların hamısını əhatə olunmalıdır.
Asəf Quliyev