Səudiyyə Ərəbistanı ilə yaxınlaşmaq daha çox İrana lazımdır - ŞƏRH


İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaxınlaşma son günlər diqqət çəkən məsələlərdəndir. Hər iki ölkə Çinin paytaxtı Pekində münasibıtlərin normallaşması ilə bağlı danışıqlar keçirərək razılığa gəliblər. Çin hər iki ölkə ilə normal münasibətlərə malikdir. Öz növbəsində bu ölkələr də Çinlə tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək istəyirlər. Bu baxımdan görüş yeri kimi Pekinin seçilməsi normaldır.


Bəs İranla Səudiyyə Ərəbistanı niyyətlərini reallaşdıra biləcəklərmi?

AFN.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, bu prosesdə tərəf olmaq Pekinə çətin olacaq: "Çünki siyasətləri bir-birinə zid olan İran və Səudiyyə Ərəbistanını uzun müddətə barışdırmaq problematikdir".
Lakin buna baxmayaraq, politoloqun sözlərinə görə, İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirlikləri açmaq barədə razılığa gəliblər: "İki ölkənin xarici işlər nazirləri qərarı həyata keçirmək üçün yaxın günlərdə görüşəcək. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin normallaşması iki ölkəyə, regiona və İslam dünyasına böyük töhfə verəcək.
İranla Səudiyyə Ərəbistanınn münasibətlərinin tam normallaşacağını gözləmək çətindir. Çünki Tehran bölgə ölkələrinin daxili işlərinə qarışır, müxtəlif silahlı qrupları dəstəkləyir və bu siyasətindən əl çəkmək istəmir. Misal üçün Tehran Yəməndəki silahlı qruplaşmaları dəstəkləyir, onlar isə qonşu Səudiyyə Ərəbistanına problemlər yaradırlar. Tehran bu siyasətindən əl çəkəcəkmi? Çətin. Deməli, münasibətlərdə gərginlik azalmayacaq. Tehrandakı dairələr isə Səudiyyə Ərəbistanının İrandakı narazı qüvvələri dəstəklədiyini, bəzilərini isə silahlandığını iddia edirlər".
Ekspertin fikrincə, diplomatik münasibətlərin bərpası daha çox Tehran üçün vacibdir. Çünki bununla Qərbin sanksiyaları fonunda Səudiyyə Ərəbistanının timsalında rəqiblərdən birini neytral siyasətə sövq edə bilər. "Ancaq yarana biləcək kiçik problem yenidən iki ölkə arasında diplomatik münasibətləri qopma nöqtəsinə gətirəcək. Çünki İrandakı mühafizəkar rejim “ənənəvi siyasətindən” imtina etməyəcək" - deyə E.Şahinoğlu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu