Aİ BMT-ni Rusiyanı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyə çağırır
Avropa İttifaqı BMT-nin beynəlxalq ictimaiyyətini Ukraynaya qarşı müharibədə Rusiya hərbçiləri və onların havadarlarının törətdiyi cinayətlərə görə tam məsuliyyəti təmin edəcək təşəbbüslər göstərməyə çağırıb.
Bu barədə "RBC-Ukrayna" BMT Təhlükəsizlik Şurasının iclası zamanı Aİ-nin təşkilatdakı daimi nümayəndəsi, səfir Olaf Skuqun bəyanatına istinadən məlumat yayıb.
"Avropa İttifaqı Rusiyanın təcavüzkar müharibəsi ilə əlaqədar törədilmiş hərbi cinayətlərə və digər ağır cinayətlərə görə tam məsuliyyətin təmin edilməsinə qətiyyətlə sadiqdir" - deyən Skuq bu sahədə əlaqələndirilmiş beynəlxalq təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Aİ təcavüz cinayətlərinin təqibi üzrə beynəlxalq tribunalın yaradılmasını dəstəkləyir, həmçinin Haaqada təcavüz cinayətlərinin təqibi üzrə Beynəlxalq Mərkəzin yaradılmasını alqışlayır.
"Aİ BMT Nizamnaməsinə və Baş Assambleyanın fevralda qəbul edilmiş qətnaməsinə, habelə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə uyğun olaraq ədalətli, hərtərəfli və davamlı sülhə çağırır", - Skuq qeyd edib.
Aİ nümayəndəsi belə bir sülhün bütün xalqlara fayda verəcəyinə inandığını və prezident Zelenskinin sülh düsturunu dəstəklədiyini bildirib: "Təhlükəsizlik Şurasının üzvləri bu işğalçı müharibədə qurban və təcavüzkarı ayırd etməlidirlər. BMT Nizamnaməsinə görə, Ukrayna ərazi bütövlüyünü bərpa etmək üçün Rusiyanın hücumlarına qarşı özünü müdafiə etmək hüququna malikdir. Həmçinin bu cür səylərə beynəlxalq dəstək tələb etmək hüququ var".