Azərbaycanlı deputatlar Putinin və Lukaşenkonun həbsinə səs verdilər
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan deputat nümayəndə heyətinin iki üzvü Ukrayna məsələsində Rusiya və Belarusun hərəkətlərini pisləyən, onların siyasi və hərbi liderlərinin mühakimə olunmasını və Ukrayna məsələsi üzrə beynəlxalq cinayət tribunalının çağırılmasını tələb edən qətnamənin lehinə səs veriblər. Onlar Milli Məclisin deputatları Erkin Qədirli və Könül Nurullayevadır.
AFN.az xəbər verir ki, AŞPA-nın rəsmi saytnda yerləşdirilən məlumatda belə qeyd edilir.
“Asambleya qeyd edir ki, Belarus Rusiya Federasiyasına öz ərazisindən Ukraynaya qarşı təcavüz üçün istifadə etməsinə icazə verməklə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzündə iştirak edib. Onun rolu və birgə iştirakı beynəlxalq ictimaiyyət tərəfindən pislənməli və liderləri məsuliyyətə cəlb edilməlidir”, - deyə qətnamədə vurğulanır.
AŞPA hesab edir ki, Rusiya Federasiyası və Belarusun həyata keçirdiyi aqressiv hərəkətlər xarakterini, miqyasını və şiddətini nəzərə alaraq, BMT Nizamnaməsinin, xüsusilədə güc tətbiqi qadağasının açıq şəkildə pozulduğunu göstərir.
Orada vurğulanır ki, bu hərəkətləri planlaşdıran, hazırlayan, təşəbbüs göstərən, həyata keçirən, bu dövlətlərin siyasi və hərbi fəaliyyətinə nəzarət edən Rusiya və Belarusun siyasi və hərbi liderləri müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır.
“Asambleya Avropa Şurasına üzv və müşahidəçi dövlətlərə Ukraynaya qarşı təcavüzkar cinayətinə görə xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasına dair yekdil çağırışını təkrarlayır”-qətnamədə belə qeyd edilir.
Qəbul edilmiş sənədə əsasən, Beynəlxalq Cinayət Məhkəməsi və digər beynəlxalq məhkəmələr və qurumlarla əməkdaşlığın təmin edilməsi məqsədilə tribunalın iqamətgahı Haaqada olmalıdır.
M.Vahidli