Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 66 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 374 milyon ABŞ dolları dəyərində 81 206 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
AFN.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 65,7 % və 33,6 % çoxdur.
10 ay ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 74,2 % azalaraq 90 ədəd (6,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 33,8 % artaraq 75 058 ədəd (1 245,2 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 11 769-ü (295,5 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 425-i (98,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 20,5 %, ikincinin isə 6,6 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 40,9 % artaraq 5 756 ədəd (90,2 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 14 % artaraq 302 ədəd (32,6 milyon ABŞ dolları dəyərində) olub.