ABŞ-ın İsrailə qeyd-şərtsiz hərbi yardımı sual altına düşür


İsrailin hücumları nəticəsində 7 yardım işçisinin ölməsi ABŞ ictimaiyyətinin Netanyahu rəhbərliyinə qeyd-şərtsiz hərbi dəstəyi şübhə altına almasına səbəb olub.


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzada mülki əhalinin müdafiəsi üçün daha çox tədbirlər görməsini istəsə də, İsrailə 14 milyard dollarlıq hərbi yardım nəzərdə tutan qanun layihəsini dəstəkləməyə davam edir.

1946-cı ildən bəri Amerikadan ən çox xarici yardım alan ölkə olan İsrail, 2022-ci ilə qədər (inflyasiya rəqəmləri nəzərə alınmaqla) edilən hesablamaya görə bu günə 300 milyard dollarlıq yardım alıb. Bu məbləğin 216 milyard dolları hərbi yardım olub.

İsrail adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə (2023) dünyada Böyük Britaniya, Yeni Zelandiya, Fransa və Yaponiya kimi ölkələri qabaqlayaraq 18-ci yerdədir. Buna baxmayaraq, o, hər il ABŞ-dan 3 milyard dollardan çox hərbi yardım almağa davam edir. Bundan əlavə, ortaq raket hava hücumundan müdafiə sistemi inkişaf proqramı çərçivəsində hər il 500 milyon dollar töhfə alır.

İsrailin ABŞ-la nə NATO, nə də başqa alyans çərçivəsində razılaşması yoxdur. Amma hər il ABŞ-dan milyardlarla dollar dəyərində silah və sursat alır. Nəhayət, Bayden administrasiyası Konqresə əlavə 95 milyard dollarlıq silah yardımı layihəsi təqdim etdi. Bunun 60 milyard dolları Ukraynaya, 14 milyard dolları isə İsrailə gedəcək.

Bununla belə, Netanyahu administrasiyasına qeyd-şərtsiz hərbi dəstək ABŞ ictimaiyyəti tərəfindən şübhə altına alınır.

ABŞ ordusundan polkovnik rütbəsi ilə təqaüdə çıxan geosiyasət eksperti Riç Outzen, İsrailə hərbi yardımın bir hissəsinin İsrailin dəmir qübbəli hava hücumundan müdafiə sisteminin sursat təchizatına, bir hissəsinin isə silah-sursata xərclənəcəyini bildirib.

Ancaq bu pulun yalnız Qəzza nəzərə alınmaqla təyin olunmadığını düşünən Outzen, “Təhdidin nə qədər inkişaf etdiyinə baxdığınızda, HƏMAS-a regional proxy şəbəkəsinin bir parçası olaraq baxdığınız zaman bu məbləğ əslində artacaq. Bu, İranı növbəti addımlar atmaqdan çəkindirmək məqsədi daşıyır. Bu, yalnız Qəzzada HƏMAS-ın hərbi təhlükəsi kontekstində qiymətləndirilməməlidir" - deyə bildirib.

ABŞ ilə İsrail arasında hərbi və təhlükəsizlik əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bildirən Outzen, Amerika ictimaiyyətində onilliklərdir ki, İsrailə qarşı tənqidlərin susdurulduğunu bildirib.

Bu çərçivədə Vaşinqtonda bir çox insanın Fələstində iki dövlətli həll siyasətinin rəfdə qalmasından narazı olduğunu qeyd edən Outzen, xüsusilə Qəzza işğalı və Netanyahunun döyüş kabinetinin mülki şəxslərə qarşı duyarsızlığının dünyada reaksiyalara səbəb olmağa başladığını vurğulayıb.

“ABŞ-dan İsrailə boş çek günləri bitdi. İsrailin səhv etdiyini söyləmək artıq tabu deyil” - deyə ekspert bildirib. O, qeyd edib ki, indiki reaksiyalar İsrailə silah yardımını kəsəcək səviyyədə olmasa da, humanitar məsələlər və nə edəcəyimizlə bağlı planın olmaması səbəbindən hadisələrin gedişatının şübhə altına alındığı yeni bir dövrə qədəm qoyduq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu