Almaniyada növbədənkənar seçkilərin vaxtı açıqlanıb
Almaniyada hökumətin dağılmasından sonra Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və ana müxalifətdəki Xristian Birlik (CDU/CSU) partiyalarının 23 fevral 2025-ci il tarixində növbədənkənar seçki keçirmək barədə razılığa gəldiyi bildirilib.
Alman mətbuatında çıxan xəbərlərə görə, SPD, Yaşıllar və CDU/CSU partiyalarının parlament qrupları erkən seçki tarixi ilə bağlı razılığa gəliblər.
Əldə edilən razılaşmaya əsasən, növbədənkənar seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək. Lakin bu məsələ ilə bağlı yekun qərarı prezident Frank-Valter Ştaynmayer verəcək.
Ölkədə növbədənkənar seçkilərin təyin edilməsi üçün baş nazir Olaf Şolz əvvəlcə Federal Məclisdən etimad səsverməsi tələb etməlidir. Baş nazir etimad səsi ala bilmədikdən sonra prezident 21 gün ərzində parlamenti buraxmalı və 60 gün ərzində seçkilər keçirməlidir.
Baş nazir Şolz noyabrın 6-da Almaniyadakı hökumət tərəfdaşları, SPD, Yaşıllar və Azad Demokratik Partiyasının (FDP) nümayəndələri ilə keçirdiyi görüşdə həm də FDP sədri olan maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.
İclasdan sonra FPD hökumətdən nazirlərini geri çəkib və rənglərinə görə "işıqfor koalisiyası" adlandırılan hökumət dağılıb.
Mənbə: AA