Tramp ABŞ-ın Çin və Aİ ilə ticarət müqaviləsi bağlayacağına əmindir

ABŞ prezidenti Donald Tramp ölkəsinin Çin və Avropa İttifaqı ilə ticarət razılaşması əldə edə biləcəyinə əmin olduğunu deyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Biz razılaşacağıq, razılaşma olacaq. Düşünürəm ki, Çinlə çox yaxşı anlaşma əldə edəcəyik", - deyə Tramp qeyd edib.
Amerika lideri ABŞ-ın 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacağına əmin olduğunu da vurğulayıb: "100 faiz ticarət razılaşması olacaq. Aİ ölkələri bunu çox istəyirlər. Biz ticarət sazişi bağlayacağıq. Mən bunu gözləyirəm. Amma bu, ədalətli razılaşma olacaq".
Tramp bildirib ki, Birləşmiş Ştatlar digər ölkələrlə ticarət sazişləri bağlamağa tələsmir.