Fridrix Mers: Ukraynaya sülh qüvvəsi göndərmək barədə konkret planımız yoxdur
Almaniya Baş naziri Fridrix Mers ölkəsinin hazırda Ukraynaya sülh qüvvəsi göndərmək barədə konkret planının olmadığını açıqlayıb.
Baş nazir Mers Sat1 televiziyasına verdiyi müsahibədə bildirib ki, bir çox suala yalnız ən azı atəşkəs təmin edildikdən sonra cavab verilə bilər: “O vaxta qədər Ukraynaya mütləq hərbi qüvvə göndərilməyəcək”.
Mers həmçinin Ukraynanın müttəfiqləri arasında atəşkəs və daha sonra sülh sazişi sonrası mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrin hələ də davam etdiyini xatırladıb.
Baş nazir qeyd edib ki, Berlinin bəzi ehtiyatları var və son qərar Almaniya Parlamentinin qəbul etməli olduğu qərardır.
Mers Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında sülh zirvəsinin keçirilmə ehtimalına şübhə ilə yanaşaraq bildirib ki, Putin güc qazanıb və hazırda danışıqlara qatılmaq üçün kifayət qədər təzyiq altında deyil.
Almaniya Baş naziri hesab edir ki, Qərb ölkələri daha güclü iqtisadi sanksiyalar tətbiq etməklə Moskva üzərində təzyiqi artıra bilər və bunun yalnız ABŞ administrasiyasının fəal dəstəyi ilə mümkün olduğunu vurğulayıb.
