Norveçin keçmiş baş nazirinin evində axtarış aparılıb


ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlərin ictimaiyyətə açıqlanmasından sonra barəsində istintaq başladılan Norveçin keçmiş Baş naziri Torbyorn Yaqlandın evində axtarış aparıldığı bəyan edilib.

Norveçdə nəşr olunan "VG" qəzetinin məlumatına görə, ölkənin iqtisadi cinayətlərlə mübarizə qurumu olan "Okokrim" Yaqlandla əlaqəli bir neçə yaşayış yerində axtarışlar həyata keçirib.

Yaqlandın vəkili Anders Brosveet verdiyi açıqlamada bildirib ki, Okokrim hazırda Torbyorn Yaqlandın evində və istirahət mülklərində axtarış aparır: "Bu, gözlənilən bir haldır və bu növ istintaqlarda adi bir prosesdir". Vəkil axtarışlar nəticəsində Yaqlandın artıq rəsmən şübhəli şəxs statusu daşıdığını və növbəti addım kimi onun "Okokrim"ə ifadə verməyə gedəcəyini qeyd edib.

Brosveet həmçinin əlavə edib ki, müvəkkili işin hərtərəfli işıqlandırılmasına töhfə vermək niyyətindədir. Hadisə yerindən yayılan görüntülərdə Yaqlandın mənzilindən çıxan rəsmi şəxslərin özləri ilə birlikdə müsadirə edilmiş əşyalar üçün qutular daşıdıqları görülüb.

Xatırladaq ki, "Okokrim" bir müddət əvvəl Epşteyn sənədlərində adları keçən diplomatlara qarşı istintaq açıldığını elan etmişdi. Bu hadisədən sonra Avropa Şurası Nazirlər Komitəsi Epşteynlə yaxın əlaqəsi olduğu ortaya çıxan Yaqlandın toxunulmazlığının ləğv edildiyini açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu