FETÖ-nün vəkilinin Epşteyni də müdafiə etdiyi məlum olub
3 milyondan çox Epşteyn sənədinin ictimaiyyətə açıqlanması qlobal siyasətdə şok effekti yaradıb. Sənədlərdəki qaranlıq məqamlar üzə çıxdıqca, FETÖ ilə əlaqələr xüsusilə diqqət çəkir. Məlum olub ki, FETÖ-nün vəkili Rid Veinqarten həm də Ceffri Epşteynin vəkili olub.
ABŞ-da Ceffri Epşteyn qalmaqalı ilə bağlı proseslər gündəmin əsas mövzusu olaraq qalır. FETÖ-nün vəkili Rid Veinqartenin eyni zamanda Epşteyni də təmsil etdiyi aşkarlanıb. Sənədlərdə FETÖ-nün 2016-cı ildəki dövlət çevrilişinə cəhddən sonra Epşteynlə təmasa keçərək ondan dəstək istədiyi öz əksini tapıb.
Veinqarten göndərdiyi məktubda Epşteyndən təşkilat üzvlərinin Türkiyəyə təhvil verilməməsi və ABŞ tərəfindən mühafizə olunmalarını xahiş edib. Sənədlərdə Mossadın terror təşkilatı PKK və YPG-ni mütəmadi olaraq istiqamətləndirərək xain planlar hazırladığı da qeyd olunur. Digər bir məqam isə İsrail rəhbərliyinin Türkiyə ordusunda İsraillə yaxın münasibətləri olan qrupların kənarlaşdırılmasından narahatlıq keçirməsidir.
Sənədlərdə keçən adlar da olduqca diqqətçəkəndir. ABŞ-ın keçmiş prezidenti Obamaya 2009-cu ildə Nobel Sülh Mükafatını təqdim edən, həmin dövrün Nobel Komitəsi sədri və Norveçin keçmiş Baş naziri Torbyorn Yaqlandın adı 2 mindən çox sənəddə hallanır.
Adı tez-tez çəkilən digər bir şəxs isə "Microsoft"un qurucusu Bill Qeytsdir. Qeyts Epşteynlə üç il ərzində bir neçə dəfə görüşdüyünü etiraf edib və bunu “səhv” adlandırıb. İngiltərədə isə Kral III Çarlzın qardaşı Endryunun adının Epşteyn sənədlərində hallanmasına baxmayaraq, Kral ailəsinin bu barədə sükut nümayiş etdirməsi etirazlara səbəb olub. Bukingem sarayının qarşısına “Cinayət yeridir, daxil olmaq olmaz” yazılmış xəbərdarlıq lenti çəkilib.
