Tramp Epşteyn dosyelərinin açıqlanması qanununu imzaladı
ABŞ Prezidenti Donald Tramp yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunduğu müddətdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı bütün dosyelərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzaladığını açıqlayıb.
Tramp sosial media hesabında etdiyi paylaşımda Konqresin təsdiqləyərək Ağ Evə göndərdiyi “Epşteyn Dosyeləri Şəffaflıq Qanunu” adlı layihəni imzaladığını bildirib.
Tramp Epşteyn məsələsində özünün deyil, başda ABŞ-ın keçmiş prezidenti Bill Klinton olmaqla bəzi tanınmış Demokratların əlaqəsinin olduğunu iddia edib və dosyelərin açıqlanması ilə bu həqiqətlərin tam şəkildə üzə çıxacağını qeyd edib.
Epşteynin təyyarəsi ilə Bill Klintonun 26 dəfə səyahət etdiyini iddia edən Tramp, açıqlamasında “Artıq Demokratlar və Ceffri Epşteynlə olan əlaqələri barədə həqiqətlər tezliklə ortaya çıxacaq, çünki Epşteyn dosyelərinin açıqlanması üçün həmin qanun layihəsini imzaladım” ifadəsini işlədib.
Qeyd edək ki, Amerika ictimaiyyətinin uzun müddətdir nəticəsini maraqla gözlədiyi Epşteyn dosyelərinin açılmasına dair qanun layihəsi Respublikçıların çoxluqda olduğu Konqresin hər iki palatasında da qəbul edilmişdi.
Konqres bu addımı Trampın dosyelərin ictimaiyyətə açıqlanması ilə bağlı fikrini dəyişməsindən sonra atmışdı.
