Mersdən Aİ-yə ortaq borclanma etirazı
Almaniya Baş naziri Fridrix Mers Avropanın ortaq borclanmasına dair güzəştsiz mövqeyini davam etdirərək, "Fərqli fikirlər olsa da, ortaq borclanma ideyasını dəstəkləməyəcəyəm, istəsəm belə, bunu edə bilmərəm", - deyə bildirib.
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri rəqabət qabiliyyətini artırmaq, daxili bazarı gücləndirmək və iqtisadi asılılıqları azaltmaq üçün atılacaq addımları müzakirə etmək məqsədilə Belçikadakı tarixi Alden Biesen qalasında qeyri-rəsmi sammitə toplaşıblar. Sammitdə enerji xərclərinin aşağı salınması və birliyin sərhədlərarası daxili bazarının fəaliyyətinin təkmilləşdirilməsi üçün həll yolları axtarılıb.
Sammitdən sonra keçirilən mətbuat konfransında çıxış edən Mers Aİ layihələrinin "Eurobond" vasitəsilə maliyyələşdirilməsinə qarşı sərt mövqeyini qoruyub. Mers "Bu səhər çox aydın bir ifadə işlətdim. Fərqli mülahizələr olsa da, ortaq borclanma ideyasını dəstəkləməyəcəyəm, istəsəm belə, buna səlahiyyətim çatmaz", - deyib.
Almaniyanın maliyyə intizamı məsələsindəki qətiyyətini vurğulayan Mers, Almaniya federal hökumətinin manevr imkanlarının məhdud olduğunu qeyd edib. O, Almaniya Konstitusiya Məhkəməsinin qərarlarına istinad edərək "Bu, sadəcə şəxsi seçim deyil. Məhkəmənin Almaniya hökuməti üçün müəyyən etdiyi dəqiq hüquqi çərçivələr səbəbindən istəsəm də belə bir addım ata bilmərəm" deyib.
Aİ-nin gündəmindəki iqtisadi islahatlara da toxunan Mers, kapital bazarları birliyi və bürokratiyanın azaldılması məsələlərində irəliləyiş əldə olunmasının yeni borclanma mexanizmlərindən daha prioritet olduğunu müdafiə edib.
Mers ortaq borclanma məsələsində müttəfiqlərindən fərqlənsə də, ticarət siyasətində Fransa ilə həmrəylik mesajı verib. O, Avropa bazarlarının qeyri-kafi ticarət təcrübələrindən qorunması məsələsində Paris rəhbərliyi ilə həmfikir olduqlarını ifadə edib.
Yeni bir Avropa proteksionizmi (himayədarlıq) niyyətində olmadıqlarını bildirən Mers bunları qeyd edib: "Yeni bir Avropa proteksionizmi istəmirik, lakin ədalətsiz ticarət təcrübələrinə qarşı özümüzü müdafiə edə bilməliyik. Avropa Komissiyası bazarların izafi istehsalla doldurulması və ya məhsulların süni şəkildə ucuzlaşdırılması kimi qanunsuzluqlarla mübarizə aparmaq üçün konkret təkliflər təqdim edəcek".
Mers qlobal geosiyasi transformasiyanın Aİ-ni proaktiv mövqe tutmağa məcbur etdiyini bildirərək, Avropanın çəkindirmə gücünün yalnız iqtisadi qüdrətlə möhkəmləndirilə biləcəyini vurğulayıb. Güclü müdafiənin əsas şərtinin rəqabətədavamlı sənaye olduğunu qeyd edən Mers, strateji qərarları bu il ərzində həyata keçirmək iradəsinə sahib olduqlarını deyib.
Münhendə güclü Avropa mesajı
Almaniya Baş naziri Fridrix Mers sabah başlayacaq 62-ci Münhen Təhlükəsizlik Konfransında hərbi və iqtisadi cəhətdən güclü bir Avropanı müdafiə edəcəklərini də dilə gətirib. Avropanın hərbi və iqtisadi baxımdan öz ayaqları üzərində durmalı olduğunu vurğulayan Mers "Avropa güclü və rəqabətədavamlı olmalı, eyni zamanda özünü müdafiə edə biləcek bir qüvvəyə çevrilməlidir", - deyib. Mers bu mesajların sabahkı zirvənin təməl oxunu təşkil edəcəyini qeyd edib.
