Fridrix Mers: 10 il sonra NATO-nun mövcudluğuna əmin deyiləm
Almaniya Baş naziri Fridrix Mers ölkəsinin maraqlarını qorumağın NATO çərçivəsində son 75 ildə əldə edilmiş nailiyyətləri yaşatmaq üçün daimi səy göstərmək mənası daşıdığını bildirib.
AFN.az xəbər verir ki, Xristian Demokrat İttifaqı (CDU) partiyasının Hessen eyaletində təşkil etdiyi tədbirdə çıxış edən Baş nazir alyansın gələcəyi ilə bağlı diqqətçəkən proqnoz verib. Mers NATO-nun 5 və ya 10 il sonra hələ də bu formada mövcud olacağından əmin olmadığını bildirib.
O qeyd edib ki, Almaniyada keçirilən növbədənkənar seçkilərdən dərhal sonra müdafiə xərclərinin artırılması barədə qəbul edilən qərar strateji əhəmiyyət kəsb edir. Baş nazirin sözlərinə görə, əgər bu addım atılmasaydı, iyun ayında Haaqada baş tutan son NATO sammiti alyansın tarixdəki sonuncu zirvə görüşü ola bilərdi.
Mers buna səbəb kimi ABŞ-ın uzunmüddətli xəbərdarlıqlarını göstərib. O bildirib ki, Vaşinqton administrasiyası Avropanın Rusiya və Çin ilə ucuz ticarət əlaqələri qurduğu bir vaxtda ABŞ-ın qitənin təhlükəsizliyini daimi olaraq təkbaşına təmin etmək niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyinə işarə edən Mers, NATO-nun Amerika və Avropa arasında güclü bir Qərb ittifaqı olaraq qalmasını istədiyini vurğulayıb. Bununla belə, o əlavə edib ki, amerikalıların prioritetləri dəyişərsə, Avropa özünü müdafiə edəcək gücdə olmalıdır.
Ukraynadakı müharibəyə də toxunan Baş nazir Putinin məqsədinin təkcə ərazi genişləndirmək deyil, həm də Avropanın siyasi düzənini və demokratik hüquq dövləti modelini məhv etmək olduğunu deyib. O, Rusiya ilə diplomatik yolların tükəndiyini, hər hansı danışıqlar üçün ilkin şərtin silahların susması olduğunu bildirib.
Mers çıxışında uşaqların sosial mediadan asılılığı məsələsinə də toxunaraq, məktəblərdə telefon qadağasını dəstəklədiyini qeyd edib. O, hətta CDU-nun rəhbərlik toplantılarında telefonların iclas otağından kənarda saxlanıldığını və bunun qərar qəbulu prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
