Asiyada enerji böhranı: Yanacaq talonla satılır
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən sonra Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal miqyasda böyük sarsıntıya səbəb olub.
AFN.az xəbər verir ki, Hörmüz boğazından keçən neft və qazın təxminən 90 faizinin təyinat nöqtəsi olan Asiya ölkələri bu böhrandan ən ağır zərbə alan bölgə hesab olunur.
Bir çox ölkədə hökumətlər yanacaq qənaətini təmin etmək məqsədilə iş saatlarını qısaldıb, məsafədən iş rejiminə keçib və universitetlərdə dərsləri vaxtından əvvəl dayandırıb. Hətta üç aylıq idxala bərabər ehtiyatı olan Çin belə yanacaq qiymətlərindəki 20 faizlik artım qarşısında müəyyən tənzimləmələrə gedib.
Filippində "Milli Fövqəladə Vəziyyət" elan edilib. Bu ölkədə xüsusilə nəqliyyat sektoru ağır zərbə alıb; sürücülər xərcləri qarşılaya bilmədiyi üçün işi dayandırır, balıqçılar və fermerlər isə istehsalı dayandırmaq məcburiyyətində qalıblar. Tayland hökuməti də enerji qənaəti kampaniyasına başlayıb, bütün dövlət qurumlarına evdən işləmək tapşırığı verilib.
Şri-Lanka və Myanmada artıq yanacağa talon sistemi tətbiq olunmağa başlayıb. 2022-ci ilin maliyyə böhranından yeni çıxan Şri-Lanka bu dəfə vəsaiti olmasına baxmayaraq yanacaq tapa bilməmək problemi ilə üzləşib. Myanmada isə şəxsi avtomobillər üçün növbəli yanacaq alışı siyasəti tətbiq edilir.
Hindistanda isə sənaye istehsalı demək olar ki, dayanıb. Dünyanın ən çox əhalisi olan bu ölkədə qaz çatışmazlığı səbəbindən keramika sənayesi fəaliyyətini dayandırıb, 400 min insan işsizlik təhlükəsi ilə üz-üzə qalıb. Mumbay kimi meqapolislərdə restoranların beşdə biri bağlanıb, ölkə boyu mətbəx qazı balonları üçün uzun növbələr yaranıb.
