Avropada qaz qiymətlərindəki artım 100 faizi keçdi



ABŞ və İsrailin İrana birgə hücumlarından sonra qlobal enerji təchizatı üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazının bağlanması və "Qatar Energy" şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) müəssisəsində istehsalın dayanması nəticəsində Avropada qazın qiyməti 100 faizdən çox bahalaşıb.

AFN.az xəbər verir ki, dünyadakı LNG ixracının təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazında gəmi hərəkəti tamamilə dayanıb. Ən böyük LNG ixracatçılarından olan Qətərin demək olar ki, bütün ixracatı bu boğaz vasitəsilə beynəlxalq bazarlara çatdırılırdı. İrandan buraxılan pilotsuz uçuş aparatlarından (PUA) birinin Qətərin Ras Laffan Sənaye Şəhərində yerləşən "Qatar Energy" müəssisəsini hədəf almasından sonra şirkət dünən orada istehsalı dayandırıb.

Boğazdan daşımaların qeyri-mümkünlüyü və kritik əhəmiyyətli müəssisədə işin dayanması Avropa qaz bazarlarındakı qiymət artımını sürətləndirib. Avropanın ən böyük qaz ticarət mərkəzi olan Niderlanddakı TTF-də aprel fyuçersləri üzrə bir meqavat-saat qazın qiyməti Bakı vaxtı ilə 15:20 radələrində 65,5 avroya yüksəlib. Müqayisə üçün qeyd edək ki, fevralın 27-də, yəni hücumlardan əvvəl bu rəqəm 31,95 avro idi. Beləliklə, qiymətlər hücumdan əvvəlki dövrlə müqayisədə 100 faizdən çox artıb, təkcə bugünkü artım isə dünənki bağlanışla müqayisədə 47 faiz təşkil edib.

Qlobal LNG ixrac potensialının 20 faizinin Qətərdə cəmləşməsi və Ras Laffan ilə Mesaieed müəssisələrinin eyni vaxtda bağlanması 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən bəri təbii qaz bazarında görülən ən böyük tədarük şoklarından biri kimi qiymətləndirilir. "Qatar Energy"nin tədarükdə "fors-major" elan etməsi uzunmüddətli müqaviləsi olan alıcılar üçün qeyri-müəyyənliyi artırıb və onları spot bazara yönəlməyə məcbur edib.

Eyni zamanda, Avropa və Asiya arasında ABŞ və Avstraliyadan gələn alternativ qaz resursları uğrunda rəqabət kəskinləşib. Rusiyadan qaz alışını dayandıran Avropa Birliyi üçün bu, olduqca çətin bir prosesdir, çünki hazırda anbarlardakı doluluq səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı – cəmi 30 faiz həcmindədir. Mövcud böhranı və təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün Təbii Qaz Koordinasiya Qrupu martın 4-də təcili iclas keçirəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu