İran: Livandakı atəşkəs yekun razılaşmanın ayrılmaz bir hissəsidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibəyə toxunaraq, Livandakı atəşkəsin müharibəni bitirəcək yekun sazişin ayrılmaz bir hissəsi olduğunu bildirib.
AFN.az xəbər verir ki, Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri səsləndirib.
XİN rəsmisi Livanda baş verənlərin əsas iştirakçısının ABŞ olduğunu qeyd edərək, sionist rejimin görünüşdəki atəşkəsə baxmayaraq, Livanda və işğal altındakı Fələstin torpaqlarında ən ağır, ən vəhşi cinayətləri törətməyə davam etdiyini vurğulayıb.
ABŞ ilə aparılan danışıqlar prosesinə də toxunan Bəqayi müzakirə və dialoqun tərəflər arasında etimad olması mənasına gəlmədiyini, ABŞ ilə görüşlərin şübhə və etibarsızlıq mühitində başladığını diqqətə çatdırıb.
ABŞ-nin ziddiyyətli bəyanatlarının və media üzərindən verdiyi mesajların danışıqlar prosesini uzatdığını bildirən sözçü hazırkı mərhələdə nüvə məsələlərinin gündəmdə olmadığını irəli sürüb.
O, bu mövzu ilə bağlı addım atmaq lazım gəldikdə nə edəcəklərini yaxşı bildiklərini qeyd edib.
Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu bu səhər orduya Livanın paytaxtı Beyrutun Dahişə bölgəsinə hava zərbələri endirmək barədə göstəriş verib.
