İrandan Trampın atəşkəs mesajına cavab



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın atəşkəsi birtərəfli qaydada uzatmaq qərarı ilə bağlı rəsmi bəyanat verib.

AFN.az xəbər verir ki, Bəqayi ölkəsinin maraqlarının təmin olunması və xalqın qazanclarının möhkəmləndirilməsi üçün məntiqli və zəruri zəminin yarandığına əmin olduqları təqdirdə addım atacaqlarını bildirib. O, 20 aprel 2026-cı il tarixli mətbuat konfransında vurğulayıb ki, rəsmi Tehran Pakistanda keçirilməsi planlaşdırılan növbəti danışıqlar mərhələsində iştirakla bağlı hələ yekun qərar verməyib.

İran mətbuatının məlumatına görə, Bəqayi atəşkəsin uzadılması prosesini və sahədəki hərbi inkişafları yaxından izlədiklərini qeyd edib. O, ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını və ticarət gəmilərinə hücumlarını xatırladaraq, bu addımların İran xalqında Vaşinqtonun niyyətlərinə dair şübhələri artırdığını bildirib.

Sözçü İran Silahlı Qüvvələrinin hər hansı təhdidə qarşı ölkəni müdafiə etməyə tam hazır olduğunu vurğulayaraq, diplomatiyanın yalnız milli təhlükəsizlik çərçivəsində bir vasitə olduğunu xatırladıb. O əlavə edib ki, "təcavüzkar və müharibə cinayətkarlarından" hesab sorulması üçün beynəlxalq hüquqi imkanlar tam səfərbər ediləcək.

Xatırladaq ki, aprelin 22-si üçün təyin olunmuş atəşkəs müddəti bitmək üzrə ikən, Donald Tramp İslamabad danışıqlarına vaxt qazandırmaq məqsədilə atəşkəsi qeyri-müəyyən müddətə uzatdığını elan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu