Pezeşkian: Nə meydanı, nə də danışıqlar masasını tərk etdik
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin silahlı qüvvələrinin İsrailə qarşı əməliyyatları dayandırdığını elan etməsindən sonra bildirib ki, İran nə meydanı, nə də danışıqlar masasını tərk edib.
AFN.az xəbər verir ki, Pezeşkian Allahın izni ilə, birlik və ağılla İranın bu sınaqdan da alnıaçıq çıxacağını vurğulayıb.
Pezeşkian mövzu ilə bağlı rəsmi açıqlamasını "X" hesabı vasitəsilə paylaşıb.
Milli təhlükəsizliyi və xalqın əmin-amanlığını ön planda tutduqlarını dilə gətirən Prezident Pezeşkian İran millətinin hüquqlarını qətiyyətlə müdafiə edəcəklərini və heç bir təhdid qarşısında geri addım atmayacaqlarını qeyd edib.
Diplomatiya və müdafiənin milli gücün iki qanadı olduğuna diqqət çəkən Pezeşkian həm döyüş meydanında, həm də diplomatik arenada fəaliyyətlərini davam etdirdiklərini bildirib.
Qeyd edək ki, İran ordusu İsrailin Livana hücumları səbəbindən İsrailə raket zərbələri endirmiş, İsrail ordusu isə buna cavab olaraq İranın Tehran, Təbriz və İsfahan kimi bəzi şəhərlərinə gecə saatlarından etibarən hücumlar təşkil etmişdi.
Bunun ardınca İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan "Xatəmül-Ənbiya" Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını elan etmişdi.
