İran İsrailə qarşı əməliyyatların dayandırıldığını elan edib
İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını bəyan edib.
AFN.az xəbər verir ki, Silahlı Qüvvələrin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyat koordinasiya mərkəzi funksiyasını yerinə yetirən qərargahın açıqlamasında İsrailə qarşı aparılan hərbi əməliyyatların hazırkı mərhələdə başa çatdığı bildirilib.
Bununla ssenarinin tam yekunlaşmadığına işarə edilən bəyanatda vurğulanıb ki, İsrail tərəfindən İrana və ya Livana qarşı hər hansı yeni bir hücum həyata keçiriləcəyi təqdirdə Tehran buna çox daha sərt və qətiyyətli şəkildə cavab verəcək.
Sözügedən rəsmi açıqlama İran ilə İsrail arasında son günlərdə qarşılıqlı raket zərbələri və strateji obyektlərin vurulması ilə yenidən pik həddə çatan hərbi gərginliyin ardınca gəlib.
"Xatəmül-Ənbiya" Qərargahı mövcud vəziyyətdə əməliyyatları təxirə saldığını elan etsə də, İsrailin növbəti hərbi addımına qarşı İranın cavab potensialının tam hazır vəziyyətdə gözlədildiyini diqqətə çatdırıb.
