İran Dubayda Ukraynaya məxsus PUA əleyhinə sistemlər anbarını vurub



İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Ukraynaya məxsus olan və İranın pilotsuz uçuş aparatlarına (PUA) qarşı bölgəyə gətirilən sistemlərin saxlanıldığı anbarı vurduğunu iddia edib. 

AFN.az xəbər verir ki, İranın "Fars" xəbər agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfiqari məsələ ilə bağlı açıqlama verib.

Sözçü bildirib ki, bölgədəki bazaların dəfələrlə vurulması səbəbindən otellərə və ya sığınacaqlara köçürülən ABŞ hərbçilərinin Dubayda yerləşdiyi nöqtələrə edilən hücumlarla eyni vaxtda ABŞ ordusuna dəstək məqsədilə gətirilən Ukrayna PUA əleyhinə sistemlər anbarı İnqilab Keşikçiləri Korpusunun (SEPAH) birgə əməliyyatı nəticəsində məhv edilib.

Zülfiqari vurulan nöqtədəki 21 ukraynalı hərbçinin taleyi barədə hələlik məlumat alınmadığını qeyd edib. İran ABŞ və İsrailin hücumlarına cavab olaraq İsraillə yanaşı, Amerikanın bölgədəki bazalarını və hədəflərini raketlər və silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə vurmuşdu.

Amerikanın "The New York Times" qəzeti bazaların ağır zərər görməsi səbəbindən bir çox ABŞ əsgərinin bölgədəki otellərə və ofis sahələrinə köçürüldüyünü yazmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə İrana qarşı ABŞ və İsrailə dəstək vermək üçün bölgəyə PUA-lar və mütəxəssis qrupları göndərdiklərini açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu