Böyük Britaniya qaçqınlardan 10 min funt-sterlinq ödəniş tələb edəcək
Britaniya hökuməti ölkədə sığınacaq hüququ qazanan şəxslərin işə başladıqdan sonra yaşayış və dəstək xərcləri üçün təxminən 10 min funt-sterlinq geri ödəniş etməsini nəzərdə tutan planı açıqlayıb.
AFN.az xəbər verir ki, çərşənbə axşamı parlamentə təqdim edilən yeni Miqrasiya və Sığınacaq Qanun Layihəsi çərçivəsində yer alan tənzimləmə yetərli gəlir səviyyəsinə çatan yetkinlik yaşındakı şəxslərin bu məbləği zamanla hissələrlə ödəməsini məcburi edir.
Böyük Britaniyada işləmək hüququ olan sığınacaq hüququ qazanan şəxslərə şamil edilən bu borc həmin şəxslərin ölkədə daimi yaşayış hüququ əldə etməsindən əvvəl tamamilə bağlanmalıdır.
Daxili işlər naziri Şabana Mahmud sığınacaq dəstəyinin bir hüquq olmaqla bərabər, həm də bir məsuliyyət daşıdığını bildirərək, insanların töhfə verəcək vəziyyətə gəldikdə Britaniya xalqının alicənablığının əvəzini geri ödəmələrini gözlədiklərini ifadə edib.
Qanun layihəsinə əsasən, sığınacaq müraciəti rədd edilən, lakin ölkədə qalan şəxslərdən də gəlirləri müəyyən olunmuş həddə çatdığı təqdirdə bu xərclər tutulacaq.
Daxili İşlər Nazirliyinin məlumatlarına görə, ötən il ölkədə sığınmaçıların dəstəklənməsi üçün təxminən 4 milyard funt-sterlinq xərclənib.
İctimai binalarda bir sığınacaq hüququ qazanan şəxsin bir gecəlik qalma xərci orta hesabla 23,25 funt-sterlinq təşkil etdiyi halda, otellərdə bu məbləğ 144 funt-sterlinqə çatır. Həftəlik cib xərcliyi ödənişləri isə adambaşına 9,95 ilə 49,18 funt-sterlinq arasında dəyişir.
Qaçqınlar Şurası kimi qeyri-hökumət təşkilatları bu planı qaçqınlara tətbiq edilən əlavə vergi kimi qiymətləndirərək ədalətsiz hesab edir, Oksford Universitetinin Miqrasiya Rəsədxanasının ekspertləri isə qaçqınlar arasında məşğulluq səviyyəsinin aşağı olması səbəbindən hökumətin hədəflədiyi gəliri toplamasının çətin olacağını bildirirlər.
Müxalifətdəki Mühafizəkarlar Partiyası isə Leyboristlər Partiyası hökumətinin bu siyasəti onlardan kopyaladığını iddia edir.


